Oktyabrın 17-də Azərbaycan Turizm İnstitutunda (ATİ) Azərbaycanın dövlət müstəqilliyinin bərpası günü münasibətilə elmi-metodoloji seminar keçirilib. ATİ-nin rektoru, tarix elmləri doktoru, professor Cəfər Cəfərov seminar iştirakçılarını dövlət müstəqilliyimizin bərpasının 21-ci ildönümü münasibətilə təbrik edərək, 18 oktyabr 1991-ci il tarixinin taleyimizdəki müstəsna rolunu faktlarla qiymətləndirib. Qeyd olunub ki, ötən illərdə ölkəmiz böyük inkişaf yolu keçərək neçə-neçə uğura imza atıb. Azərbaycan Turizm İnstitutu da müstəqillik dövründə yaranaraq ölkənin ali təhsil ocaqları sırasına daxil olub.
   Seminarda «Azərbaycanda turizm sektorunun digər sahələrlə əlaqələrinin modelləşdirilməsi» mövzusunda müzakirələr aparılıb. ATİ-nin İqtisadiyyat kafedrasının müdiri Mais Köçərli, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Əli Nuriyev, professorlar Yadulla Həsənli, Rasim Həsənov investisiya xərclərinin turizm sektoruna və müvafiq sahələrin ayrı-ayrılıqda istehsal həcminə təsir mexanizmini detallı şərh ediblər.
   Sonda çıxış edən rektor C.Cəfərov bu cür elmi-metodoloji seminarların davamlı olaraq keçiriləcəyini bildirib.
   
   Fəxriyyə