Bakıda beynəlxalq elmi konfrans
   
   Oktyabrın 22-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin binasında “Hüseyn Cavid yaradıcılığı çağdaş təfəkkür işığında” mövzusunda beynəlxalq elmi konfrans işə başlayıb. Böyük şair və dramaturqun anadan olmasının 130 illiyinə həsr edilmiş konfrans Hüseyn Cavidin ev-muzeyinin təşkilatçılığı ilə keçirilir.
   
   Tədbirdə çıxış edən AMEA-nın prezidenti, akademik Mahmud Kərimov Azərbaycanın tanınmış söz sərrafı Hüseyn Cavidin əsərlərinin qiymətli söz inciləri kimi bədii fikir xəzinəmizdə layiqli yer tutduğunu vurğulayıb. Qeyd olunub ki, Prezident İlham Əliyevin 2012-ci il 16 fevral tarixli sərəncamına əsasən görkəmli şairin yubileyi münasibətilə ölkəmizin hər yerində silsilə tədbirlər keçirilir.
   Böyük ədib dərin fəlsəfi-estetik məzmuna malik yaradıcılığı ilə ədəbiyyatımızda yeni bir mərhələnin başlanğıcını qoyub. Azərbaycan teatrının inkişafında Cavid dramaturgiyasının mühüm rolu olub.
   Tədbirdə Bakı Metropoliteninin rəisi, Hüseyn Cavidin qohumu Tağı Əhmədov Cavidlər ailəsinin faciəli taleyindən söz açıb, böyük ədiblə bağlı eşitdiyi xatirələri bölüşüb. Bildirib ki, ümummilli lider Heydər Əliyevin səyi və qətiyyəti sayəsində Hüseyn Cavidin nəşi uzaq İrkutskdan doğma Azərbaycana gətirilərək doğulduğu Naxçıvan torpağında dəfn edilib.
   Plenar iclasda Hüseyn Cavidin ev-muzeyinin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlının “Şeyx Sənan” faciəsində dünyəvi və ilahi eşqin təqdimi”, ABŞ-ın Massaçusets Amherst Universitetinin professoru Audrey Alstadtın “Hüseyn Cavid və Azərbaycan Yazıçılar Birliyi”, Özbəkistan Təsviri İncəsənət Qalereyası direktorunun müavini Kamola Akilovanın “XX əsr Şərq mədəniyyətində Hüseyn Cavidin yaradıcılığı” və digər mövzularda məruzələr dinlənilib. Natiqlər Hüseyn Cavidin Azərbaycan ədəbiyyatındakı mövqeyindən, onun yaradıcılığının məziyyətindən, sənətkarın irsinin öyrənilməsi və təbliğ olunması ilə bağlı görülən işlərdən söz açıblar.
   Daha sonra konfrans işini bölmə iclaslarında davam etdirib. Müxtəlif ölkələrdən gəlmiş cavidşünas alimlərin məruzələri dinlənilib. Konfrans oktyabrın 24-də işini başa vuracaq.