Dekabrın 6-da Firudin bəy Köçərli adına Respublika Uşaq Kitabxanasında akademik Vasim Məmmədəliyevlə görüş keçirildi. Görkəmli alimin 70 illik yubileyinə həsr olunan görüşdə Səbail rayonunun 189, 190 saylı orta məktəblərindən müəllim kollektivləri də iştirak edirdi.
   
   Tədbiri giriş sözü ilə kitabxananın direktoru Firuzə Quliyeva açaraq Vasim Məmmədəliyevin mənalı ömür yolundan, geniş elmi və pedaqoji fəaliyyətindən, qazandığı nailiyyətlərdən danışdı. Qeyd olundu ki, V.Məmmədəliyev 1942-ci ildə Bakıda anadan olub. 1964-cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) şərqşünaslıq fakültəsinin ərəb filologiyası şöbəsini bitirib, Tbilisi Dövlət Universitetinin aspiranturasında oxuyub, namizədlik dissertasiyası müdafiə edib. 1974-cü ildə keçmiş SSRİ məkanında ərəbşünaslıq sahəsində ən gənc elmlər doktoru olub.
   Alim İraq Elmlər Akademiyasının, Suriya Quran Elmləri və Ərəb Filologiyası Akademiyasının və Misir Ərəb Dili Akademiyasının müxbir üzvü, İslam Əməkdaşlıq Təşkilatı Müsəlman Hüququ Akademiyasının üzvüdür. 30-dan çox kitabı işıq üzü görüb. “Ərəb ədəbi dilində felin zaman, şəxs və şəkil kateqoriyaları”, “Ərəb dilçiliyi”, “Quran və elm” və digər əsərləri böyük maraqla qarşılanıb. Görkəmli alim 1992-ci ildə respublikanın “Əməkdar elm xadimi” adına layiq görülüb, 2001-ci ildə AMEA-nın müxbir üzvü, 2007-ci ildə həqiqi üzvü seçilib. Müqəddəs kitabımız Qurani-Kərimin Azərbaycan dilinə tərcüməçilərindən biridir. Səmərəli xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilib, Prezident təqaüdünə layiq görülüb.
   Vasim Məmmədəliyev görüş iştirakçılarını salamlayaraq belə tədbirin təşkilinə görə kitabxananın direktoru Firuzə Quliyevaya təşəkkürünü bildirdi: “Mənim aləmimdə kitabxana müqəddəs yerdir. Kitabxanalarda keçən günlərimi ən dəyərli günlərim hesab edirəm”. Görkəmli alim ona verilən çoxsaylı sualları cavablandırdı.
   Görüş Əməkdar artist Firuz Səxavət, tarzən Əliağa Sədiyev və kamançaçı Ceyhun Muradov üçlüyünün ifasında xoş musiqilərlə başa çatdı.
   
   Savalan Fərəcov