Ay uşkol, qadan alım, bizim kənddə heç yerli-dibli oğlan uşağı olmayıb.
  
   Qəbir evin nurla dolsun, Mirzə Cəlil! Yüz il öncə qələmə aldığın həqiqətlər bu günün aynasında necə də bərq vurur. Dünən oğulları ot tayasının altında gizlədirdik ki, əsgərlikdən yayınsın, bu gün də min bir yolla bunun çarəsini tapırıq. Day anlamırıq ki, sabahımızın binasını elə bugünkü özüldən laxladırıq. Anlamaq dərdi Mirzə Cəlil dünyasının, Mirzə Cəlil qələminin ən yaralı yeriydi. Bu yolda nə qədər dəridən-qabıqdan çıxıb ədəbi irs (özü də necə irs) qoyub getsə də, bəhrələnmədik. Hardasa silkələndik, amma hələ də doğru-dürüst ayılıb özümüzə gələ bilmirik. Azərbaycan teatr tarixində, bəlkə, də elə bir səhnə yox ki, orda “Ölülər” oynanılmasın. Bəs hanı effekti? Axı onun yaşadığı dövrdən də yüz qırx il sonra efirlərimiz bar-bar bağıraraq ekstrasensləri dəvət edir ki, gəlin özünüzü sınayın (bizi necə lazımdır görün, sonrası sizlikdir).Yenəmi gözləyirik şeyx nəsrullahların göstərəcəyi möcüzələri?
   Sənin qədər cəsarətli yazar, dramaturq gəlmədi Azərbaycan ədəbi aləminə, sevdiyinin yarısıcan sevən olmadı milləti- obrazlarının dilindən nifrət tökülsə belə. Ey, hikkəsi istəyindən, qəzəbi yanğısından doğan Cəlil Məmmədquluzadə! Qədir bilməkdən savayı, nə desən, əlindən gələn xalqına nələr ərmağan etmədin? Ürəyin ağlayan zaman sözün güldü, güldürərək sarıdın yaramızı, rəsm etdin bəlalarımızı- hər şeyi öz rəngindəcə. Ey, söz, fikir Hatəmi! Əsirgəmədin səxavətini həmkəndlilərindən, cümlə soydaşlarından, əsirgəmədin qat-qat üstün olan zavallılardan. Ey, göz yaşı ziyasına qovuşub damla-damla zülmətimizə axan nurlu çeşmə. Harda nə zaman varıqsa, sən də ordasan- zamanından, məkanından asılı olmayaraq, qəlbinin sızıltısıyla, ürəyinin yüküylə. Danabaş adlı kəndinmi, şəhərinmi, ölkəninmi əbədi quruluşu, əsrlərin belə pozub sındıra bilmədiyi gərəksiz qayda-qanunu əydi səni? Qələmi qızıldan qiymətli yazarı odsuz-ocaqsız qalan, əl yazmalarını yandırıb isinməyə məcbur olan məmləkətin acısı əritdi səni? Kiçik hekayələrinlə böyük mətləbləri işıqlandırdın. Sözündən asıldın, sınaqlara dözdün. İllərcə bir işin tədqiqinə qol qoymuş psixoloqlardan qat-qat yaxşı tanıdın bizləri. Biz kimik? - sualının cavabını əzbər bildin hər zaman. Lazımınca dəyərləndirmədiyimiz mədəni-mənəvi sərvətlərdən biri də sən oldun, baxmayaraq ki, harda qələmin susdu, o yerdə fikir mücadiləsinə qalxdın. Məişət mövzusunda yaratdığın, ilk baxışda adi, sadə görünən hər bir nümunə ortaya atılmış problemin qloballığı ilə, sosial, mənəvi-əxlaqi qatlarda açılması ilə seçilir.
   Cəlil Məmmədquluzadə dramaturgiyamıza fəlsəfilik gətirib desəm, bəlkə də, mənimlə razılaşan olmayacaq. Arqumentləri də belə olacaq: Hüseyn Cavid dram əsərlərini ondan öncə yazıb. Düzdür, H.Cavid yaradıcılığında romantika, fəlsəfi düşüncələr çoxluq təşkil edir. Amma bu nümunələrdə xəyalpərvərlik, həqiqətin yalnız ideyalarda axtarılması, bəşərilik üstündür. Qəhrəmanlar təmtəraqlı pafosuyla seçilir. Mirzə Cəlil dramaturgiyası isə milli fəlsəfəsiylə xarakterizə olunur. Obrazları real, arzuları konkret, təsviri təbii. Onun təbliğ və təsir obyekti yalnız xalqdır.
   “Ölülər” sanki bir şüardır cismani diriləri ayıltmağa. Hər yerdə İsgəndər kimi ağlıkəsənlərin olmadığına təəssüfdür. Milli formada özünüdərk və ya özünütəsdiq elementləri ilə zəngin tragikomediyadır, yəni gülüşlə pərdələnmiş faciə.
   “Dəli yığıncağı” iki qütbün toqquşmasıdır - ağla qaranın fərqliliyini iddia etdiyi üçün ağılsız hesab edilənlərin və haqqı-ədaləti öz mal-mülkünün gücündə görənlərin soyuq savaşıdır.
   “Anamın kitabı”- çox vaxt yalnız dəb xatirinə üç dilə, üç fərqli səmtə meyillənən vətən övladlarının mənən, simvolik şəkildə parçalanmasıdır. Öz mədəniyyətinə yabançı, ikrah hissiylə yanaşan qardaşlar vətənin bölünmüş xəritəsini xatırladır. Heç kim əslində oxunası olan ana kitabını əlinə almaq istəmir.
   “Kamança” pyesi humanizmə çağırışıdır. Əsrlərlə taleyimizə yazılan erməni qonşuluğu, erməni amansızlığı burda da əks olunub. Lakin yenə də Mirzə Cəlil alicənablığı ilə həllini tapıb. Qana, savaşa qatılan yüzbaşı əlinə kamança götürmüş ermənini (sabah ona silah çevirəcək) əfv etməli olur. Kamançanın sədası ona hər şeyi unutdurur, musiqinin humanistik sehri, qüvvəsi silaha sarılmış yüzbaşını kövrəldir, ölümdən çəkindirir.
   “Lal” həcmcə kiçik, məna tutumuna görə dərin, psixoloji bir əsərdir. Gözüyaşlı iki körpə uşaq küçədə kimsəsizdir. Onlara yanaşıb ovuclarına pul atanların içində kimlər yoxdur? Tacir, intellegent, hamısı da qollu-budaqlı. Qucağına götürüb sakitləşdirən, ovudan isə lal bir adamdır. Bu bir daha Cəlil Məmmədquluzadə təsdiqləməsidir-ədəbiyyat heç zaman fiziki şikəstliyi gülüş obyektinə çevirmir.
   Mirzə Cəlil nəsri onun ədəbi irsinin ağır bir qolunu daşıyır. Əhmədin dünya boyda dərdi - eşşəyinin itməyi bizi nə qədər kədərləndirirsə, Novruzəlinin sadəlövhlüyü, təmizliyi, sədaqəti bir o qədər doğmadır. “Saqqallı uşaq”da yumorun gücünə, təbiiliyinə ürəkdən gülürüksə, buzun həsrətiylə yanan qadının acısına o dərəcədə kədərlənirik. Qurbanəli bəyin təkəbbürü, mənsəbindən, varından çox-çox böyük danışması, yalançı vədi bizi özümüzdən çıxarırsa, kasıb Usta Zeynalın milli təəssübkeşliyinə sevinməyə bilmirik.
   Azərbaycan ədəbi fikrinin formalaşmasında “Molla Nəsrəddin”in göstərdiyi xidmət danılmazdır. Bu cəsarətli addımı da Cəlil Məmmədquluzadə atdı. «Molla Nəsrəddin» iynələdi hədəfini- sağaltmaq üçün. Sözünü üzə deməkdən çəkinmədi- hədələdilər, incitdilər.
   Xatirənin, sətirlərinin qarşısında baş əyirəm, Ustad. Giley-güzarla hörülmüş bu məktubu ruhunun ucalığına, əbədiliyinə ithaf etdim. Mən səni oxuduqca, səni tanıdıqca özümüzü tanıdım. Sən bizim kimliyimizi təsdiq edəcək qədər məhrəmsən. Qəlbimin rəngləriylə Cəlil Məmmədquluzadənin çəkilmiş bir rəsmi var:
   Mirzə Cəlil- Azərbaycan ədəbiyyatının sütunlarından biri.
   Mirzə Cəlil- fikir azadlığının bünövrəsi.
   Mirzə Cəlil- milli-demokratik istiqlaliyyətin carçısı.
   Mirzə Cəlil- sətir-sətir, məktub-məktub gerçəklik.
   Mirzə Cəlil- sadə olduğu qədər mürəkkəb, üzdə göründüyü qədər dərində.
   Mirzə Cəlil- diriykən ölülərin ölüm fitvası.
   Mirzə Cəlil- deyilmiş və deyiləcək sözlərin ən böyüyü!
  
   Samirə Səma