Martın 15-də Respublika Uşaq Kitabxanasında görkəmli alim, pedaqoq, ictimai xadim və yazıçı-publisist Firudin bəy Köçərlinin 150 illik yubileyi ilə bağlı tədbir keçirildi.
   Tədbiri kitabxananın direktoru Fizurə Quliyeva açaraq bildirdi ki, Prezident İlham Əliyev Azərbaycanın böyük ədəbiyyatşünas alimi, maarifpərvər ziyalısı Firudin bəy Köçərlinin 150 illiyinin qeyd olunması ilə bağlı sərəncam imzalayıb. Sərəncamda böyük ədibin Azərbaycan ədəbiyyatı tarixinin öyrənilməsinə, ölkəmizdə maarifçiliyin təşəkkül tapmasına verdiyi töhfələr yüksək qiymətləndirilib.
   Yubiley münasibətilə böyük alim və maarifpərvərin adını daşıyan Respublika Uşaq Kitabxanasında da silsilə tədbirlər nəzərdə tutulur. Qeyd olundu ki, hər ay paytaxtın qabaqcıl məktəbləri ilə birgə keçiriləcək. Görkəmli alimin “Balalara hədiyyə” adlı kitabı Mədəniyyət və Turizm Nazirliyinin nəşriyyat planına salınıb, yaxın vaxtlarda çap ediləcəyi gözlənilir.
   Sonra Binəqədi rayonu 144 saylı məktəbin müəllimləri Kəmalə Mirzəliyeva və Firəngiz Bayramovanın rəhbərliyi ilə III-VI sinif şagirdlərinin hazırladığı ədəbi-bədii kompozisiya təqdim olundu. Görkəmli alimin həyatı ilə bağlı slayd nümayiş etdirildi, şagirdlərin ifasında şeirlər səsləndirildi.
   Tədbirdə tanınmış yazıçı-publisistlər Şəmistan Nəzirli və Eldar Xəlilov da iştirak edirdi. Sonda görkəmli alimin yaxın qohumu T.Xəlilova tədbir iştirakçılarına təşəkkürünü bildirdi. 

   S.Fərəcov