Noyabrın 18-də Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) 2 saylı filialında (M.Seyidzadə adına uşaq kitabxanası) Xalq şairi Məmməd Arazın 80 illik yubileyi ilə bağlı oxucular arasında keçirilən şeir müsabiqəsinin rayonlararası final mərhələsinə yekun vuruldu. Bakı şəhər MKS-lərin rəhbərlərinin iştirak etdiyi tədbirdə 22 şeir qiraətçisi ifalarını təqdim etdi. İştirakçıların çıxışları seçdikləri əsərlərin mətni, ifadə tərzlərinin obrazlılığı, mətnlərin dərindən dərk edilməsinə görə münsiflər tərəfindən 10 ballıq sistemlə qiymətləndirildi.
Münsiflər heyətinə Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin məsləhətçisi Səbinə Məmmədova, Xətai rayon MKS-nin direktoru Oruc Quliyev, Yasamal rayon MKS-nin direktoru Vəfa Quliyeva və Səbail rayon MKS-nin direktor müavini Rəhilə Məmmədova daxil idi.
Müsabiqə iştirakçıları Xalq şairinin şeirlərini böyük həvəs və məsuliyyətlə ifa etdilər. Çıxışlardan sonra münsiflərin qərarına əsasən nəticələr elan edildi. Səma Rzayeva (Xətai rayon MKS) və Turğay Camalov (Xəzər rayon MKS) müsabiqənin qalibi elan edildi. Həmçinin Nuray Zalova (Səbail MKS), Ofeliya Nəbiyeva (Nizami MKS) və Ərəstun Kərimov (Nərimanov MKS) fərqlənən iştirakçılar kimi qeyd edildilər.
Xatırladaq ki, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin şəbəkəsinə daxil olan kitabxanaların gənc oxucuları arasında keçirilən müsabiqənin əsas məqsədi uşaq və gənclərdə müasir Azərbaycan və dünya ədəbiyyatına marağı artırmaq, uşaqlar arasında mütaliənin təbliği, mütaliə vərdişlərinin inkişaf etdirilməsi və istedadlı uşaqları aşkarlamaqdan ibarətdir.

Lalə Azəri