Dekabrın 23-də Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda yazıçı-jurnalist Təranə Vahidin “Cənnətdən yuxarı...” kitabının təqdimatı keçirildi. “Mütərcim” nəşriyyatında çapdan çıxan kitabda müəllifin hekayə, esse və miniatür duyğuları yer alıb. Nəşrin redaktoru Qulu Ağsəsdir.

Təqdimat mərasimini Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid acaraq yeni nəşrin AYB və “525-ci qəzet”in layihəsi əsasında işıq üzü gördüyünü dedi. Təranə Vahidi müasir nəsrimizdə özünəməxsus üslubu olan istedadlı gənc qələm sahiblərindən biri kimi dəyərləndirdi.
Kitaba “ön söz” yazan tanınmış yazıçı-dramaturq Əli Əmirli Təranə Vahidi bir yazıçı kimi kəşf etməsindən danışdı: “Bir neçə il əvvəl Təranənin hekayələrini oxudum və onun yazılarında təhkiyənin mükəmməlliyi məni heyran etdi. Son dövrdə hekayə oxuduğum zaman aldığım ən böyük zövqlərdən biri oldu. Çox şadam ki, bu gün ədəbiyyata belə bir imza gəlib. Biz Təranə xanımı jurnalist kimi tanıyırıq, amma bu gün onun yazıçı kimi tanınmağa tam haqqı var”.
Əli Əmirli müəllifin hekayələrini şeirə bənzətdi, belə əsərlərin az-az qələmə alındığını dedi: “Bu hekayələr gözəl şeir kimidir, onları dəfələrlə oxuya bilərsən, hər oxunuşda da sözün gözəlliyindən, fikrin, ifadə tərzinin təzə-tərliyindən, təbiiliyindən zövq ala bilərsən”.
Xalq artisti, rejissor Ramiz Həsənoğlu, yazıçı Mustafa Çəmənli, “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə, “Ulduz” jurnalının baş redaktoru, yazıçı-dramaturq Elçin Hüseynbəyli, “Mədəniyyət” qəzetinin əməkdaşı Tahir Abbaslı, uşaq yazarı Sevinc Nuruqızı, yazıçı-publisist Əkbər Qoşalı, şair, yazıçı Mükafat Əliyev və başqaları çıxış edərək müəllifin dilinin rəvanlığından, əsərlərində təsvir etdiyi yurd nisgilinin təsirli ifadəsindən danışdılar.
Qeyd olundu ki, müəllifin kitabdakı “Səma çiçəyi”, “Cəza”, “Ölümsüzlük”, “İntihar”, “Qırmızı quyu” və digər əsərləri oxucuların rəğbətini qazanıb, radio dalğalarında və dövri mətbuatda dəfələrlə təqdim edilib. “Tapılmayan torpaq”, “Müharibə, nənəm və itən vaxt”, “93-cü ilin qışı” və s. əsərlərində müharibənin acı nəticələri, qəlbimizin Qarabağ dərdi həzin bir dillə, inandırıcı boyalarla təqdim olunur. Müəllifin nəsrin ən çətin janrlarından hesab olunan hekayədə uğur qazanması onun yaradıcılıq məharətindən xəbər verir. Təranə Vahid eyni zamanda “Qismət”, “Müdriklik çadırı - Ömər Xəyyam”, “Çörək haqqı”, “Şirvanşahlar” kimi bədii və sənədli televiziya filmlərinin ssenari müəllifidir.
Sonda müəllif tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirdi, kitabını qonaqlara hədiyyə etdi.

Lalə Azəri