Azərbaycan Yazıçılar Birliyi, Bakı Slavyan Universiteti və “Mütərcim” Tərcümə Mərkəzinin həmtəsisçiliyi ilə nəşr olunan “Mütərcim” ədəbi, elmi və tərcümə jurnalının 43-cü sayı işıq üzü görüb. Jurnal baş redaktor Telman Vəlixanlının “Mütərcim” Tərcümə Mərkəzinin 20 illiyinə həsr edilmiş “ön söz”ü ilə açılır.
Bu sayda dahi rus yazıçısı Fyodor Dostoyevskinin “Yoxsul insanlar” romanının Azərbaycan dilinə tərcüməsinin tam mətni yer alıb. Əsəri görkəmli ədəbiyyatşünas və tərcüməçi, professor Məmməd Qocayev tərcümə edib. F.Dostoyevskinin professor M.Qocayev tərəfindən tərcüməsi tamamlanmış “Yazıçının gündəliyi” əsərindən daha bir fəsil də jurnalın bu sayında oxuculara təqdim olunur. Qeyd edək ki, alim F.Dostoyevskinin əvvəlki akademik nəşrlərinə, eləcə də “Dünya ədəbiyyatı kitabxanası”na daxil olmayan və ilk dəfə “Mütərcim”in səhifələrində oxuculara təqdim edilən əsərlərinin ikicildliyini çapa hazırlayır.
Jurnalda xarici ədəbiyyat nümunələrindən M.Şellinin “Fani əbədi” hekayəsi (tərcüməçi Nailə Bəndiyeva), “Tənqid və ədəbiyyatşünaslıq” rubrikasında məqalələr yer alıb.