Fevralın 13-də Azərbaycan Yazıçılar Birliyində Milanın Cüzeppe Verdi Konservatoriyasının professoru Davide Qualtieri tərəfindən hazırlanmış “Müasir Azərbaycan poeziyası” kitabının təqdimatı olub. Məmməd Araz, Fikrət Qoca, Rəşad Məcid, Vaqif Bəhmənli, Elçin Mirzəbəyli, Əjdər Ol və digər şairlərin şeirlərinin toplandığı kitabın təqdimatı ötən həftə Milanda gerçəkləşib.
AYB-nin katibi Rəşad Məcid Milanda keçirilən tədbirlər haqqında təəssüratını bölüşüb. AYB-nin sədri, Xalq yazıçısı Anar, Xalq şairi Fikrət Qoca, şairlərdən Vaqif Bəhmənli, Elçin Mirzəbəyli və kitabda şeirləri yer almış digər müəlliflər çıxış edərək nəşrin Azərbaycan ədəbiyyatının dünyada təbliği istiqamətində əhəmiyyətli hadisə olduğunu diqqətə çatdırıb.
Kitabdakı şeirlərin sətri tərcüməsi İtaliyada fəaliyyət göstərən Azərbaycan Cəmiyyətinin sədri Mais Nuriyevə məxsusdur. Kitaba “Ön söz”ü məşhur italiyalı türkoloq Qiam Piero Bellinceri yazıb. Kitabda şeirlər həm Azərbaycan, həm də italyan dilində verilib.