...“Dünya ovcumdadır”, “Salam, gələcək illər”, “Səfərə çıxıram”, “Belə ola həmişə” demişə

Bu “həm səfa, həm cəfa - bivəfa dünya”ya saysız-hesabsız kilimçilərə nisbətdə gec gəlib, o dünyaya - saylı-sanballı kimsələrə timsalən - tez getmişə. Övladlarına Məcnun-Ata olub, iman-imami valideynlik etdiyindən öz ölümünə vəfalı Ülkərini Leylilik fədakarlığına vəsl-vasil etmişə. Yaşadığı dövrə xeyli müxalif şeirlərilə baş vətəndaş, nəğmə-nəqarət misralarıyla Aşıq Cünun, cür-cüssəsilə Qoç Koroğlu taylıya - Əliağa Kürçaylıya...

Gəncliyində - yəni “poeziya atı”na süvar olanadək öz həyatını, iş-güc yüyənini tamamilə “tale umudu”na buraxanlardan olub Əliağa. Lap yaxın gələcəkdə - erkən-ərgənliyindən etibarən bizə bəlli ad-san qazanası şair doqquzuncu sinifdəncə orta məktəbi buraxıb, Zaqafqaziya dəmiryolu idarəsinin Salyan şöbəsində mühasib işləməyə başlayır. Onda hələ müharibənin (“Böyük Vətən” fəxarətilə hallandırılan II Dünya savaşının) qurtarmasına bir ildən bir az çox qalırdı və hesabla - 1928-ci il fevralın 20-də həmin rayonun Kür Qaraqaşlı kəndində doğulmuş bu balaca hesabdarın 16 yaşı hələ tamam olmayıbmış. Hələ bu azmış kimi, gələcəyin bu gözəl (bəzi keyfiyyətlərilə həm də özəl) şairi Bakı Dəmiryolu Texnikumunda birillik “mühasiblər kursu”nda oxuyur və onu elə həmin şöbədə (fərasəti çox bəyənilən, yar-yaraşıqlı üzünə xoş baxılan köhnə iş yerində) təzə vəzifəyə - baş mühasibliyə keçirirlər. Sonra bir neçə ay da Salyan Dram Teatrında baş mühasib işləyən Əliağanın qəlbində... gələcəkdə yazacağı gözəl bir misranın inkarı doğulur: “Belə olmaya həmişə!..”
Bəli, noolsun iş yerində onun üzünə xoş-beş nəzər qılırmışlar, bəs, Allahın gələcək oxucular üzünə xoş baxması da varmış, axı...
Bir çox eləliklərdən sonra -

Beləliklə...

On səkkiz-on doqquz yaşlarında həmin o “hesab-kitab”, “çötkə-mötkə” məkanlarında baş mühasib olan bu oğlan o işlərlə daban-dabana zidd bir aləmə - poeziyaya ayaq alır. İlk izi (“Sənin gözlərin” adlı şeirilə) “Azərbaycan gəncləri” qəzetinə düşür. Qədəmi uğurlu olur. Nəinki mühasib, hətta hələ yaşının 18 olduğundan belə xəbərsiz olan oxucular arasında bu imzanı səbirsizliklə gözlədiyini söyləyənlər, bu barədə redaksiyaya “hörmətli məktub” yazanlar da olur. Paytaxtda onun sözünə məhəbbət, rayonda isə, təbii, həm də özünə münasibət dəyişir: Əliağa Salyan radio qovşağına redaktor təyin edilir, gənc yazıçıların I respublika müşavirəsinə nümayəndə göndərilir və s.
Elə Əliağa da yerində (və qarşısındakı çötkələrdə) saymır. Qəlbindəki təbəddülatlarla bahəm - zehni-irfani sarıdan da dəyişilir: dolanışıq üçün doqquzuncu sinifdən yarımçıq buraxdığı orta təhsili Bakıda fəhlə gənclər orta məktəbində tamama yetirib Azərbaycan Dövlət Universitetinin (BDU) filologiya fakültəsinə daxil olur. Böyük ədəbiyyat-sənət gələcəyini, fitri istedadını duyanlar onu Maksim Qorki adına Dünya Ədəbiyyatı İnstitutuna (Moskva) təhsil almağa göndərirlər. Lakin, bioloji-psixoloji aləmilə oranın ab-havası ”tərs mütənasib” gəldiyindən, gənc şair geri qayıdıb, təhsilini ADU-da davam etdirir. Daha sonra da... bir az ənənəvi, bir qədər özəl həyat və yaradıcılıq yolu: "Kommunist" qəzeti redaksiyasında ədəbi işçi, "Ədəbiyyat və incəsənət" qəzetində şöbə müdiri, Moskva ali ədəbiyyat kursunun dinləyicisi, "Azərbaycan gəncləri" qəzeti redaksiyasında şöbə müdiri, "Azərbaycan" jurnalı redaksiyasında məsul katib, Azərbaycan Yazıçılar İttifaqı nəşriyyat şöbəsinin rəisi, "Literaturnı Azerbaydjan" jurnalı redaksiyasında məsul katib, Azərbaycan Dövlət Nəşriyyatında redaktor, bir müddət yaradıcılıq fəaliyyətilə məşğul olduqdan sonra Yazıçılar İttifaqında dramaturgiya bölməsinin rəhbəri və "Yazıçı" nəşriyyatında - 1978-ci ilin mayından ömrünün axırınadək baş redaktor...
“Ömrünün axırınadək” ifadələrinə - “1980-ci il 11 fevral” tarixçəsinə tək elə söz kimi yox, 52 köz kimi də baxmalı. Nədən ki, o, yarımca əsrdən ikicə il çox ömürlüyündə çox şeyi tək elə göründüyü kimi yox, iliyinə-bələyinəcən görürdü.
Elə bu an -

Məsələn...

deyib, bu gözəl şairimizin bir neçə şeirinə (bəzilərini ixtisarla) üz tutaq.

Ürəkdən sevirəm muzeyləri mən,
Orda tarixi var xalqın, millətin.
Odur xəbər verən əzəliyyətdən,
Odur aynası da əbədiyyətin.

Baxdım Britaniya muzeylərinə,
Dünyaya bəllidir adı, şöhrəti.
Sanırdım gələcək gözüm önünə
İngilis xalqının milli sərvəti...

Mən elə bilirdim...
Heyhat!
Elə bil
Bura ya Misirdir, ya Yunanıstan.
Elə bil ingilis torpağı deyil,
Bura ya İrandır, ya da Hindistan!

Arabir Londona gəlir yunanlar,
Qədim Parfenonu görsünlər deyə.
Heyrət!
Bilet alıb baxırlar onlar
Özləri yaradan bu abidəyə.

Dayan, hansı xalqdır bunları satan,
Pula dəyişdirən öz şöhrətini?
Varsa, o xalq deyil, sürüdür, inan,
Tərk etsin o, insan cəmiyyətini.

Aşağıdakı misralar mənə Nazim Hikmətin məlum “daş”ını xatırladır; hansı ki, dünyadan baş çıxarmayanların ayaqlarını zədələyən o daş bir ayıq kəsin ayaqqabı bağlarını bağlaması üçün kətil rolu oynayır.

El yolu üstünə düşən bir daşa
Neçəsi toxunub, yıxılıb yerə...
Hamı da deyinir:
Belə iş olar,
Kim atıb bu daşı yolun üstünə?

İnsanlar yıxılır...
Zaman keçirdi...
...O yoldan bir qərib insan keçirdi,
Heç giley etmədən qol çirməyərək
Sürüdü sal daşı yoldan kənara.
El yolu göründü ovuc içitək...

Əksər şeirlərində, poemalarında gah qədim, gah müasir mövzularda geninə-boluna gəzişən şair hərdən də elat dildə, “boyat” üslubda bayatılayıb:

Canım qurban elimə,
Çəmənimə, çölümə;
Elsiz, günsüz bir ömür
Başsız küləkdi - dedim.

Çox yanırsan dedilər,
Odlanırsan dedilər;
Vətən üçün alışan
Mən yox, ürəkdi - dedim.


Gözəl şeirləri, dramları, tərcümələrilə öz poetik aləmini bizlərə bütün rəngarəngliyilə (bəzən də mürəkkəbliyilə) danışmış şair bir əcnəbiyə çox sadə həmsöhbətlik edir:

Uzaq elli əziz dostum soruşdu:
- Sizin Bakı söylə, necə şəhərdir?
Dedim: - Qardaş, mənim doğma şəhərim
Yazılmamış, oxunmamış əsərdir.

Nəğməsidir zavodların fit səsi,
Suya düşüb buruqların kölgəsi.
Ətirlidir bağlarının meyvəsi,
Ağ şanısı elə bil ki, şəkərdir.

Dost görəndə tükənməyir hörməti,
Düşmən görsə, dərya olur nifrəti,
Bir qədər də dəlisovdur adəti,
Əziz dostum, Bakı belə şəhərdir.


Və nəhayət, sonda onun özü haqda Xalq şairi Nəbi Xəzrinin dediyi bəndlərdən:

Bu nədir, saraldı, soldu şəfəqlər,
Dünyaya göz yumdu ata da, qız da.
Bu nədir, Ülkərsiz qaldı üfüqlər,
Qaldı Kürçaylısız Kür çayımız da...

Tahir Əhmədalılar