Daşkənddə özbək dilində çıxan “Vaziyyat” qəzeti Xalq yazıçısı Elçinin “Ağ dəvə” romanının nəşrinə başlayıb. Romanı orijinaldan özbək dilinə tanınmış şair və tərcüməçi Usman Kuçkar çevirib. Qəzetdə yazıçının həyat və fəaliyyəti haqqında geniş məlumat verilib, onun əsərlərinin türk, rus, ingilis, fransız, alman, ispan, macar, ərəb, fars, çex, xorvat, qazax, tacik, serb və digər dillərdə nəşr olunduğu diqqətə çatdırılıb. Qeyd olunub ki, Daşkənddəki “Caxon adabiyyati” jurnalında Elçinin “Baladadaşın ilk məhəbbəti” və “Baladadaşın toy hamamı” povestləri çap edilib və populyarlıq qazanıb. Yazıçının povest və hekayələrindən ibarət kitab da artıq özbək dilinə tərcümə olunub və nəşrini gözləyir.