Azərbaycanın Qırğızıstandakı səfirliyi və bu ölkənin Mədəniyyət, İnformasiya və Turizm Nazirliyi Bişkekin A.Maldıbayev adına Milli Opera və Balet Teatrında Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarla görüş təşkil edib.

Ədibin 75 illik yubileyi münasibətilə təşkil olunan görüşdə Yazıçılar Birliyinin katibləri - Xalq şairi Fikrət Qoca və Rəşad Məcid, Qırğızıstanın şair və yazıçıları, elm, mədəniyyət xadimləri, Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.
Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov görkəmli yazıçının yubileyinin qardaş ölkədə keçirilməsini ölkələrimizin mədəni həyatında mühüm hadisə adlandırıb, Anarın postsovet və Avropa ölkələrində, Türkiyədə yaxşı tanındığını deyib. Bildirilib ki, yazıçı qırğız xalqının böyük oğlu Çingiz Aytmatovla yaxın dostluq əlaqələri saxlayıb. Diplomat ötən ilin sonunda Bakıda Çingiz Aytmatovun 85 illiyinin yüksək səviyyədə qeyd olunduğunu da diqqətə çatdırıb. Qeyd olunub ki, Anar bu yaxınlarda yeni təsis edilən Türkdilli Dövlətlərin Yazıçılar İttifaqının sədri seçilib.
Qırğızıstanın mədəniyyət, informasiya və turizm nazirinin birinci müavini Akimbek Tekeşov Xalq yazıçısı Anarın Qırğızıstanda da yaxşı tanındığını deyib, onun kino yaradıcılığından söz açıb, 10-dan çox filmin ssenari müəllifi, 3 filmin rejissoru olduğunu qeyd edib. Qırğızıstanın Xalq yazıçısı Mar Bayjanov Anarla dostluğundan danışıb.
Yubilyar çıxış edərək belə bir tədbirin keçirilməsinə görə Qırğızıstan tərəfinə və səfirliyimizə minnətdarlıq edib, yaradıcılıq planlarından danışıb.
Mərasimin bədii hissəsində Azərbaycanın xalq artistləri - xanəndə Mələkxanım Əyyubova, Möhlət Müslümov (tar) və Fəxrəddin Dadaşov (kamança), Qırğızıstanda yaşayan müğənni Şahmar Tapdıqov muğam, xalq və bəstəkar mahnılarını ifa ediblər. Yubiley tədbirində Qırğızıstan incəsənət ustalarının ifaları da yer alıb.
* * *
Xalq yazıçısı Anarın rəhbərliyi ilə Qırğızıstanda səfərdə olan nümayəndə heyəti dünya şöhrətli yazıçı Çingiz Aytmatovun ev-muzeyini və dəfn olunduğu Ata-Beyit kompleksini ziyarət edib.
Mətbuat təmsilçilərinin suallarını cavablandıran yazıçı Çingiz Aytmatovla görüşlərini xatırlayıb: “O məni kiçik, mən isə onu böyük qardaş hesab edirdim. Çingiz Aytmatovu Qırğızıstanda olduğu kimi Azərbaycanda da sevir və hörmət bəsləyirlər”.