Türk dünyası ədəbiyyatı qədim dövrlərdən üzübəri böyük bir inkişaf yolu keçərək ideya-sənətkarlıq və janr-üslub baxımından zənginləşib. Bu ədəbi inkişafda öz sözü, öz nəfəsi olan görkəmli sənətkarlardan biri də XVIII əsrdə yaşayıb-yaradan türkmən şair və mütəfəkkiri Məhdimqulu Fəraqidir. Təsadüfi deyil ki, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY 2014-cü ili görkəmli şairin şərəfinə “Məhdimqulu Fəraqi ili” elan edib.

Məhdimqulu Dövlət Məmməd oğlu 1733-cü ildə Kopetdağın ətəyində, Atrek çayının hövzəsində yerləşən Hacı Qovuşan kəndində dünyaya göz açıb. Atası Dövlət Məmməd Azadi dövrün tanınan şairi və sufi alimi olub. Gənc Məhdimqulu əvvəlcə zərgərlik sənətinə maraq göstərib. Onun bu marağı atasını qane etmir. Atasının təkidi ilə Məhdimqulu fikrindən daşınır, ərəb və fars dillərini öyrənir. Az vaxt ərzində həyata baxışı tamam dəyişir. Bu işdə atasının zəngin kitabxanası böyük rol oynayır.
O, 1753-cü ildə Qızıl-Ayaqdakı İdris Baba mədrəsəsində təhsil almağa başlayır, bir ildən sonra Buxaraya gedərək məşhur Kəkildaş mədrəsəsində oxuyur. Burada dövrünün savadlı adamlarından sayılan mövlana Nuri Kazım ibn Baharla tanış olur. Bir müddət sonra onlar birlikdə səyahətə çıxırlar, Özbəkistan, Tacikistan, Əfqanıstan və Hindistanda olurlar. 1757-ci ildə dövrün elm mərkəzlərindən sayılan və ünlü mədrəsələri ilə tanınan Xivə şəhərinə gedir, burada Şirqazi xanın tikdirdiyi mədrəsəyə daxil olur.
1760-cı ildə Məhdimqulu atasının ölüm xəbərini alır. Buna görə də Türkmənistana qayıtmağa məcbur olur. Amma vətənə qayıtması ona yeni bir dərd də gətirir. Atasının ölümü ilə bağlı qüssə və kədər içində ikən bir mənəvi zərbə də alır. Belə ki, illərlə sevgisini ürəyində gəzdirdiyi Mənli adlı qızı başqasına verirlər. Mənlinin valideynləri ondan qızları üçün böyük miqdarda başlıq tələb edirdilər, onun isə bu məbləği vermək imkanı olmur. Ona görə də Mənlini başqa birisinə ərə verirlər.
Məhdimqulu bu haqsızlıqla barışmasa da, əlindən də bir iş gəlmir. Nakam məhəbbətini qəlbində yaşadaraq Fəraqi imzası ilə şeirlər yazır:

Cahanı yandırdı odun,
Qaçar oldu yaxın-yadın,
Məhdimqulu, sənin adın,
Olsun indi qoy Fəraqi.


Araşdırmalardan məlum olur ki, şair ən yaxşı məhəbbət şeirlərini məhz Mənliyə həsr edib. Bu şeirlərin hər birində Məhdimqulunun ürəkləri yandıran kədəri görsənir:

Elləri var toy-düyünlü,
Soyuq sulu, göy çəmənli,
Eli - Göylən, adı - Mənli,
Nazlı dildardan ayrıldım.

Pərdə çəkib üzlərimə,
Rəvac verib sözlərimə,
Məhdimqulu, gözlərimə
Bircə Mənli xan görünər.


Şairin taleyindəki nisgilli günlər sanki növbələşir. Müharibədə olan iki qardaşı düşmənə əsir düşür və öldürülür. Məhdimqulu şeirlərinin bir hissəsini də qardaş itkisinə həsr edir.
Məhdimqulu yaxın qohumlarının məsləhəti ilə tanımadığı bir qızla ailə həyatı qurmağa məcbur olur. Amma o heç cür ilk sevgisini - Mənlini unuda bilmir. Yazdığı şeirlərin hər misrasında, hər sözündə onu həsrətlə anır. Onun Sarı və İbrahim adlı iki oğlu dünyaya gəlir. Amma bu uşaqların biri 7, digəri isə 12 yaşında dünyasını dəyişir. Bununla da Məhdimqulunun dərdi üstünə daha bir dərd gəlir.
Şeirlərindən hiss olunur ki, onun sevmədən ailə qurduğu həyat yoldaşı ilə münasibətləri heç də yaxşı olmayıb. Buna görə də o, əsərlərində gənclərə sevərək ailə qurmağı məsləhət görür. Bildirir ki, ömür-gün yoldaşı seçərkən qadının əsil-nəcabətinə diqqət yetirsinlər. Çünki əsli-kökü olmayanlar ailənin nə olduğunu bilməzlər. Həyat yoldaşlarının gündüzünü gecəyə döndərər, ömrünü zay edərlər:

Məhdimqulu, kimsə bilməz batini,
Evlənsəniz, baxıb alın zatını.
Yiyəm görkəzməsin yaman xatını,
Adam özün bilməz, xam xəyal olar.


Görkəmli sənətkar bir çox müasirlərindən fərqli olaraq türkmən dilində yazıb-yaradıb. Həmçinin türkmən ədəbiyyatının ərəb və fars təsirlərindən azad olunması üçün böyük səy göstərib, çətin ibarələrin işlədilməsinə etiraz edib. Ədəbiyyatşünaslar Məhdimqulu Fəraqinin yaradıcılığında yüksək bir zirvəyə qalxan həyatsevərliyi XVIII əsr türkmən poeziyasının ən böyük nailiyyəti hesab edirlər. Məhz onun türkmən ədəbi dilinə gətirdiyi yeniliklər realist bədii düşüncənin inkişafı üçün əsas zəmin olub.
Məhdimqulunun yaradıcılığı digər türk xalqlarının da ədəbiyyatına təsir edib. Bu mənada Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri Molla Pənah Vaqif və Molla Vəli Vidadinin də yaradıcılığında Fəraqidən təsirlənmələr hiss olunur. Eyni zamanda onun da, heç şübhəsiz, Azərbaycan ədəbiyyatından ilham aldığını düşünmək olar.
Kəşməkəşli həyat yolları, illərin möhnəti şair qəlbini didib-parçalayır. Məhdimqulu Fəraqi yaradıcılığının coşqun çağlarında - 1783-cü ildə, 50 yaşında vəfat edib.

Savalan Fərəcov