Avqustun 26-da Səməd Vurğunun ev-muzeyində “Azərbaycan milləti və ailəsi” adlı tədbir keçirilib. “Portal 21” qrupunun və Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatının (AGAT) təşəbbüsü ilə “Uşaq dünyanın sərvətidir” proqram çərçivəsində keçirilən tədbir Səməd Vurğunun əsərlərinin Dağıstanın (Rusiya Federasiyası) Dərbənd rayonunun Rukel kənd orta məktəbdə keçirilən qiraətli oxusunun yekunlarına həsr edilib.
Tədbiri AGAT təşkilatının şöbə müdiri, “Uşaq dünyanın sərvətidir” proqramının rəhbəri Nadir Məhbubi açaraq “Azərbaycan milləti və ailəsi” layihəsi barədə məlumat verib.
AQAT-ın vitse-prezidenti Nərgiz Xələf, “Azərbaycan milləti və ailəsi” layihəsinin rəhbəri Adil Bayanov, Rukel Kənd İcra nümayəndəliyinin başçısı Pənah Gülməmmədov, muzeyin şöbə müdiri Aslan Salmansoy və digər çıxış edənlər Səməd Vurğun yaradıcılığından, şairin irsinin azərbaycançılıq və vətənçilik hisslərinin tərbiyəsində böyük əhəmiyyətindən danışıblar. Şairin şeirlərinin qiraətli oxusunun Dərbəndin digər məktəblərində də davam etdiriləcəyi bildirilib.
Sonda iştirakçılar muzeyin ekspozisiyası ilə tanış olublar, gənc musiqiçilər Əlfəddin Kərimov və Zabil Camallının ifasında Səməd Vurğunun sözlərinə yazılmış musiqilər dinlənilib.