Füzulişünas alim, şair-qəzəlxan Hacı Mailin xatirə gecəsi keçirildi

Oktyabrın 1-də Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda Füzuli irsinin araşdırıcısı, şair-qəzəlxan Hacı Mailin xatirə gecəsi keçirildi.

Tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin katibi, yazıçı, şair, ssenarist İlqar Fəhmi Hacı Mailin həyat və yaradıcılığı haqqında danışdı: “Hacı Mail elə insanlardandır ki, həyatı ilə şəxsiyyəti, yaradıcılığı üst-üstə düşür. Onun yaradıcılığı şəxsiyyətini, şəxsiyyəti yaradıcılığını tamamlayırdı. Hacı Mailin əsərlərinin işığı bu gün də içimizdədir”.
Yazıçılar Birliyi “İrs” komissiyasının sədri Sona Xəyal şair-tədqiqatçı haqqında xatirələrini bölüşdü. Bildirdi ki, Hacı Mail 1990-cı ildə "Məcməüş-şüəra" ədəbi məclisini bərpa edib, onun sədri olub. 1994-cü ildə yaradılmış "Füzuli ədəbi məclisi”nin rəhbəri kimi fəaliyyət göstərib, məclisdə bir sıra şairlərin yetişməsinə böyük töhfələr verib.
AMEA-nın əməkdaşı, əruzşünas alim, professor Tərlan Quliyev, Urmiyada nəşr olunan "Dəniz" qəzetinin baş redaktoru Mustafa Quluzadə, şair Arif Buzovnalı və digər çıxış edənlər Hacı Mailin Azərbaycan ədəbiyyatşünaslığında xidmətlərindən söz açdılar. Qeyd olundu ki, Hacı Mailin mətnşünas kimi ən böyük xidməti Füzulinin qəzəllərini Azərbaycan dilinə tərcümə edib xalqa çatdırmasıdır. O, qəzəl ədəbiyyatını ölməyə qoymadı, klassik poeziyada gördüyümüz qəzəl atributlarını topladı və bu gün də həmin külliyyatlar gənc alimlərin axtarışlarında, onların bu sahədə bilgilənməsində yardımçıdır.
Tədbirin sonunda Sona Xəyalın “MBM” nəşriyyatında yeni çapdan çıxan “Hacı Mail hikməti” kitabı iştirakçılara təqdim olundu. Kitaba müəllifin Hacı Mail haqqında müxtəlif illərdə işıq üzü görən məqalələri daxil edilib.

Lalə Azəri