BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində aprelin 27-də keçirilən bölmə iclaslarından biri “Media peşəkarlığı: zorakı ekstremizmin təbliğatına qarşı müqavimətin təşkili üçün vasitələr” mövzusuna həsr edilmişdi.

İclasın moderatoru, Media və Öyrənmə Assosiasiyasının baş icraçı direktoru xanım Salli Reynolds mövzunun aktuallığını diqqətə çatdırdı.
UNESCO-nun proqram mütəxəssisi Alton Qrizle çıxışında bildirdi ki, cəmiyyətlərdə hökm sürən zorakılıq, dözümsüzlük, ekstremizm halları insanlar üçün təhlükəli vəziyyət yaradır. Bu cür halların qarşısı mütləq alınmasında medianın üzərinə böyük vəzifə düşür. Media cəmiyyətin, xüsusilə də gənclərin maariflənməsi işində mühüm rol oynayır.
İclasda çıxış edən Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov qeyd etdi ki, bu gün müstəqil jurnalistikadan nə qədər danışsaq da, transmilli və digər media orqanları sosial, milli, sahibkarlıq və digər maraqların daşıyıcısıdır. Ona görə də azad jurnalistika nümunəsini tapmaq çox çətindir ki, baş verən hadisələrə vahid standartlardan yanaşsın. Nə qədər ki, dünyada jurnalistikanın, media mənsubluğunun vahid əxlaq kodeksi, vahid davranış normaları müəyyən olunmayıb və onlar vahid jurnalistika mərkəzi tərəfindən bütün dünyaya təlqin edilməyib, jurnalistika subyektiv maraq daşıyıcısı olmaqda davam edəcək.
Əli Həsənov bildirdi ki, Bakıda üç gündür Azərbaycanın multikultural ənənələrindən, ölkəmizdə müxtəlif millətlər, dinlər arasında yaşanan sülh mühitindən, anlaşmadan danışılır. Amma baxın, Ermənistan mediasında bu forum əleyhinə çağırışlar yer aldı. Niyə? Çünki erməni jurnalistikası bəlli maraq daşıyıcıdır. Bu anlamda, əlbəttə, real jurnalistikada təəssüf ki, bəzən media prinsipləri pozulur və bu pozulmanın təməlində də jurnalistlərin vətəndaş, milli, subyektiv, maddi və mənəvi maraqları dayanır.
İtaliyanın Florensiya Universitetinin professoru Maria Ranieri nifrət nitqinin, zorakılığın, ayrı-seçkiliyin xüsusilə Avropanı bürümüş hazırkı qaçqın böhranı şəraitində təhlükəli hallara gətirib çıxara biləcəyini vurğuladı. Florensiya Universitetinin apardığı tədqiqatlar nəticəsində xüsusilə sosial şəbəkələrdə etnik, dini azlıqlara qarşı nifrət nitqinə daha çox yer verildiyi məlum olub. Media bu cür halların qarşısının alınmasında fəal olmalıdır.
Rod Adaları Universitetinin professoru Rene Hobs bildirdi ki, hazırda bizim media savadlılığına, sağlam mediaya, təhsilə, maariflənməyə daha çox ehtiyacımız var. İnsanlar başa düşməlidirlər ki, radikalizm, ekstremizm, zorakılıq onların özləri üçün böyük təhdiddir.
ABŞ-ın Tennesi Universitetinin professoru Sanjay Asthananın sözlərinə görə, təbliğat məsələsində insanlar diqqətli olmalıdırlar. Çünki təbliğat həm mənfi, həm də müsbət istiqamətlərdə ola bilər. Təbliğat insanları düşünmədən hərəkət etməyə sövq edə bilər. Mediadan ayrı-seçkiliyi, ekstremizmi, başqalarına qarşı nifrəti təbliğ edən bir vasitə kimi istifadə etmək yolverilməzdir.
Ərəb Dövlətləri Liqasının sivilizasiyalararası dialoq departamentinin direktoru Samia Bibars qeyd etdi ki, bəzən ekstremist qüvvələr insanların dini inanclarından istifadə edir, onlarda başqalarına qarşı nifrət hissi yaratmağa çalışırlar. Mənfi halların qarşısının alınmasında təhsil də vacib rol oynayır. Buna görə də xüsusi təhsil proqramları işlənib hazırlanmalıdır.
İclasda digər çıxış edənlər də multikulturalizmin, tolerantlığın təbliğində, zorakı ekstremizmə qarşı mübarizədə medianın ən təsirli vasitə olduğunu söylədilər. Bakı Forumunun mədəniyyətlərarası və dinlərarası dialoqun möhkəmlənməsinə töhfələr verəcəyinə əminlik ifadə olundu.