Mayın 4-də Gəncə şəhərindəki Heydər Əliyev Mərkəzində “Gəncə 2016 - Avropa Gənclər Paytaxtı” ilinin rəsmi açılış mərasimi keçirilib. Tədbirə Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov, mərkəzi icra orqanlarının rəhbərləri, Avropa Gənclər Forumunun nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri qatılıb. Mərasimdə mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov iştirak edib.

İştirakçılar əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək, xatirəsini ehtiramla anıblar.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev qonaqları salamlayaraq tədbiri açıq elan edib.
Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ölkə başçısının “Gəncə 2016 - Avropa Gənclər Paytaxtı” layihəsinin açılış mərasiminin iştirakçılarına ünvanlanmış məktubunu oxuyub.
Mərasimdə çıxış edən Ə.Həsənov “Avropa Gənclər Paytaxtı”nın Avropa Gənclər Forumunun 2009-cu ildən etibarən həyata keçirdiyi çox mühüm beynəlxalq layihə olduğunu bildirib. Qeyd edib ki, Gəncə şəhərinin 2016-cı il üçün “Avropa Gənclər Paytaxtı” seçilməsi Azərbaycan üçün, bütün Azərbaycan gəncləri üçün qürurverici bir hadisədir.
Prezident Administrasiyasının rəsmisi diqqətə çatdırıb ki, Azərbaycan əsrlər boyu sivilizasiyaların bir araya gəldiyi məkan olub, ölkəmiz coğrafi mövqeyinə görə həm Avropaya, həm də Asiyaya aiddir. Azərbaycanlılar düşüncə və həyat tərzlərinə görə asiyalı olduqları qədər də avropalıdırlar. Bu baxımdan Bakı şəhərinin 2009-cu il üçün “İslam Mədəniyyətinin Paytaxtı”, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin isə 2016-cı il “Avropa Gənclər Paytaxtı” elan edilməsi tamamilə təbii bir haldır.
Gəncə şəhərinin “Avropa Gənclər Paytaxtı” seçilməsində Azərbaycanın gənclər siyasəti sahəsində qazandığı uğur və təcrübənin mühüm rol oynadığını vurğulayan Ə.Həsənov əlavə edib ki, son illər paytaxt Bakıda və regionlarda 40-dək gənclər evi inşa edilib. Azərbaycanda Gənclər və İdman Nazirliyi ilə yanaşı, Prezident yanında Gənclər Fondunun da fəaliyyət göstərdiyini bildirən natiq deyib ki, qurum 4 il ərzində 3226 layihəni maliyyələşdirib.
Azərbaycanın qitə və dünya miqyaslı tədbirlərə yüksək səviyyədə ev sahibliyi etdiyini vurğulayan Ə.Həsənov qeyd edib ki, artıq ənənə halını alan Dünya Mədəniyyətlərarası Dialoq Forumu, Beynəlxalq Humanitar Forum, ötən il ilk dəfə təşkil olunan Avropa Oyunları, bir neçə gün əvvəl Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu belə tədbirlərdəndir.
Prezident Administrasiyasının rəsmisi qeyd edib ki, bu il həm Azərbaycan, həm də Avropa gənclərinin diqqəti Gəncəyə yönələcək. İl ərzində Gəncədə gənclərlə bağlı yüzlərlə tədbirin keçirilməsi nəzərdə tutulub. Bu isə qədim şəhərimizi və onun timsalında ölkəmizi daha yaxından tanıtmaq, Azərbaycanla bağlı həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırmaq üçün əlverişli imkan yaradacaq.
Mərasimə toplaşan qonaqları, eləcə də şəhərin gənclərini təbrik edən gənclər və idman naziri Azad Rəhimov bildirib ki, Gəncə MDB məkanında və Avropa İttifaqına daxil olmayan ölkələr üzrə “Avropa Gənclər Paytaxtı” adını qazanan ilk şəhərdir. 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan olunduğunu diqqətə çatdıran nazir deyib ki, Gəncə qədim və zəngin mədəniyyəti, çoxəsrlik tarixi ilə multikultural dəyərləri özündə yaşadan mədəniyyət mərkəzlərindən biridir.
Sonra Avropa Gənclər Forumunun idarə heyətinin üzvü Lora Lübonova, Avropa Gənclər Paytaxtları Şəbəkəsinin icraçı direktoru Andras Farkas çıxış edib. Türkiyənin Əskişəhər valisi Əzim Tunar Güngör çıxışında Gəncənin bu titula yiyələnməsinin ortaq mədəniyyət və işbirliyi baxımından əhəmiyyətini diqqətə çatdırıb.
Xatırladaq ki, “Avropa Gənclər Paytaxtı” layihəsinin məqsədi yerli və xarici gənclər təşkilatlarının beynəlxalq əməkdaşlığının inkişaf etdirilməsidir. 2009-cu ildə Niderlandın Rotterdam şəhəri, sonrakı illərdə Turin (İtaliya), Antverpen (Belçika), Braqa (Portuqaliya), Maribor (Sloveniya), Saloniki (Yunanıstan), Kluj Napoca (Rumıniya) “gənclər paytaxtı” olub. Gəncə bu estafeti qəbul edən 8-ci şəhərdir.
* * *
“Gəncə 2016 - Avropa Gənclər Paytaxtı” layihəsinin açılışı münasibətilə şəhərin mərkəzindəki Heydər Əliyev adına meydanda möhtəşəm konsert proqramı təşkil olunub. Musiqili gecədə yerli və xarici sənətçilər çıxış ediblər.
Əvvəlcə səhnəyə Xalq artisti Alim Qasımov çıxıb. Sənətkarın heyrətamiz ifası dinləyicilər tərəfindən coşqu ilə qarşılanıb. Sonra “Natiq” ritm qrupu və estrada müğənnisi Abbas Bağırov maraqlı musiqi nömrələri təqdim ediblər.
Dünya şöhrətli müğənnilər Aleksandra Stan və İn Qridin ifaları sürəkli alqışlarla qarşılanıb. İtalyan müğənni İn Qridin Azərbaycanın xalq mahnısı "Sarı gəlin"i ifa etməsi tamaşaçıların böyük marağına səbəb olub.
Konsert “Eurovision-2011” mahnı müsabiqəsinin qalibləri Eldar Qasımov və Nigar Camalın ifasında “Running Scared” mahnısı və atəşfəşanlıqla başa çatıb.