Oktyabrın 18-də Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında "Paytaxtdan bölgələrə... bölgələrdən paytaxta..." layihəsi çərçivəsində musiqili poeziya gecəsi keçiriləcək. Dünya Gənc Türk Yazarlar Birliyinin Azərbaycan Respublikası Prezidenti Yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə gerçəkləşdirdiyi tədbirdə ölkəmizin müxtəlif bölgələrində yaşayıb-yaradan gənc şairlərin ifasında şeirlər səsləndiriləcək. Münsiflər heyəti tərəfindən qiymətləndiriləcək ən yaxşı şeirlərin müəllifləri fəxri diplom və hədiyyələrlə təltif ediləcək.
"Paytaxtdan bölgələrə... bölgələrdən paytaxta..." layihəsinin məqsədi paytaxt mühitindən kənarda yaşayıb-yaradan gənc istedadlı yazarları üzə çıxarmaq, yeni imzaları ədəbi mühitə qazandırmaq, onların respublika ədəbi mühitinə inteqrasiyasına yardımçı olmaqdır. Layihə çərçivəsində nəşr edilən “Bölgələrdən səslər 2” toplusu da məhz bu amaldan irəli gəlir. Toplunun birinci hissəsi 2012-ci ildə işıq üzü görüb, ədəbi ictimaiyyət tərəfindən maraqla qarşılanıb. Layihənin rəhbəri Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü Əfsanə Ələsgərlidir.