Britaniya Kraliçasının 90 illik yubiley tədbirlərində ölkəmiz də təmsil olunub

11-15 may tarixlərində Britaniya Kraliçası II Yelizavetanın 90 illik yubileyi şərəfinə Londonda təşkil olunan tədbirlərdə Mədəniyyət və Turizm Nazirliyinin, Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) və Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) birgə təşkilatçılığı ilə ölkəmizin nümayəndə heyəti də iştirak edib.

Tədbirdə Azərbaycan mədəniyyəti pavilyonu fəaliyyət göstərib. Pavilyonda ölkəmizin mədəniyyəti, adət-ənənələri, folkloru, mətbəxi əksini tapıb. Əlvan xalçalar, milli geyimlər, suvenirlər, ədəbiyyat, memarlıq nümunələrinin sərgisi keçirilib. Pavilyona baş çəkənlərə milli şirniyyatlar təqdim olunub, ölkəmiz haqqında nəşr və disklər paylanılıb, musiqilər səsləndirilib. Mədəniyyətimizin təqdimatı tarzən Rafiq Rüstəmov və Xalq artisti Fidan Hacıyevanın ifası ilə müşayiət olunub.
Yubiley tədbirində Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı tərəfindən konsert proqramı xarici qonaqlara təqdim edilib. Ansambl Əməkdar mədəniyyət işçisi Elçin Abbasov, Əməkdar artist, kamança ifaçısı Toğrul Əsədullayev və Xamis Cəfərov tərəfindən müşayiət olunub.
Azərbaycan pavilyonu ən çox ziyarət edilən guşələrdən biri olub. Mədəniyyət pavilyonumuzu ziyarət edən yüzlərlə britaniyalı və xarici qonaq ölkəmizin zəngin mədəniyyəti haqqında məlumatlar əldə ediblər, mətbəximizin ləziz nümunələrini dadaraq Azərbaycan qonaqpərvərliyinin şahidi olublar.
Yubiley tədbirləri çərçivəsində London yaxınlığındakı Vindzor qəsrinin ərazisində keçirilən Kral Vindzor at şousunun final mərhələsində Azərbaycanın “Qarabağ” cinsindən olan 15 atdan ibarət komandası və Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı Kraliça II Yelizavetanın qarşısında çıxış ediblər. Məharətli azərbaycanlı çaparların yaddaqalan akrobatik şou nömrələri, mahnı və rəqs ansamblının çıxışları tamaşaçıların rəğbətini qazanıb.
Atlara xüsusi rəğbət bəsləyən Kraliça Qarabağ atlarının gözəlliyini və çaparların mükəmməl bacarıqlarını yüksək qiymətləndirib.
Onu da qeyd edək ki, Azərbaycan nümayəndə heyəti adından Kraliça II Yelizavetaya respublikanın Əməkdar rəssamı Sakit Məmmədovun rəsm əsəri xatirə hədiyyəsi edilib.
Tədbirdə iştirak edən Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədr müavini Lord Kilkluni bütün tamaşanı ümumi kontekstdə belə dəyərləndirib: “Mən bir neçə dəfə Azərbaycana səfər edib bu gözəl məmləkətin müxtəlif guşələrində olmuşam. Azərbaycan xalqının səmimi qonaqpərvərliyinə heyran qalmışam. Yeganə gedə bilmədiyim yer hazırda Ermənistanın işğalı altında olan Dağlıq Qarabağdır. Bu region haqlı olaraq Azərbaycan mədəniyyətinin beşiyi sayılır. Buna görə də ilk dəfə Qarabağ atlarını görmək mənim üçün xüsusilə böyük məna daşıyır. Təəssüf ki, bu, Dağlıq Qarabağın özündə deyil, burada Böyük Britaniyada baş verdi. Ümid edirəm ki, bir gün, mən eyni çıxışı Dağlıq Qarabağın özündə görə biləcəyəm”.
Məlumat üçün bildirək ki, 2012-ci ildə Britaniya Kraliçasının hakimiyyətə gəlməsinin 60 illik yubileyi ilə bağlı keçirilən Vindzor şousunda da üç Qarabağ atı ilə təqdim olunan şou-proqramı iştirakçılarda böyük maraq doğurmuşdu.