bir nağıl deyin - şair babanız Əhməd Cəmil barədə...

Yetmiş üç il öncə - nənələrimizin hələ də “getsin o günlər, gəlməsin!” - deyə yad etdiyi II Dünya müharibəsinin başlanğıcında “Can nənə, bir nağıl de” adında gözəldən-gözəl bir şeir yazıb, milyonlarla uşağı ovutmuş Əhməd Cəmil babamız haqda...

Sənədli tərəfindən başlayın bu nağıla:
Əhməd Səttar oğlu Cəmilzadə 1913-cü il oktyabrın 20-də İrəvan quberniyasının İrəvan şəhərində kustar sənətkar ailəsində doğulub. Dörd yaşında atasını itirdiyindən, anasının himayəsində böyüyüb. İbtidai və orta təhsilini Gəncə şəhər məktəblərində almalı olub. Yeddinci sinifdə oxuyarkən yazdığı “Gözəl Qafqaz” adlı ilk şeiri 1928-ci ildə "Qızıl Gəncə" jurnalında dərc olunub. Azərbaycan Proletar Yazıçıları Cəmiyyətinin Gəncə bölməsində fəal iştirak edib. “Qızıl Gəncə”, “Dağıstan füqərası”, “Gənc bolşevik”, “Hücum”, “İnqilab və mədəniyyət” qəzet və jurnallarında vaxtaşırı dərc olunub...
Həə, bu real nağılın burdan beləsinə noğul da qatın.

Söyləyin ki...

...Halalca Vətən torpağımızın zavalca İrəvan şəhərindən didərgin salınan bu oğlan Gəncədə də özünə rahatlıq tapa bilməyib. Bir neçə ünvan yazılıb taleyinə. Bakıda Ali Pedaqoji İnstitutun ədəbiyyat fakültəsində təhsilini davam etdirib. Şəmkir rayonunun Zəyəm kəndində, daha sonra yenidən Gəncədə orta və ali məktəb müəllimi, metodist işləyib. 1940-cı ilin sentyabrından Azərbaycan Sovet Yazıçıları İttifaqında şeir bölməsində məsləhətçi, “Ədəbiyyat qəzeti”ndə ədəbi işçi, məsul katib işləməli olub, ittifaqın məsul katibi seçilib.
İkinci Dünya müharibəsi illərində Şimali Qafqaz və Krım cəbhə qəzetlərində - “Döyüş zərbəsi”, “Hücum”, “Vətən uğrunda irəli” redaksiyalarında çalışıb. Daha sonra Azərbaycan Yazıçılar İttifaqında məsləhətçi, “Ədəbiyyat qəzeti”ndə redaktor, “Azərnəşr”də, “Gənclik” nəşriyyatında, “Azərbaycan” jurnalında redaktor, “Ulduz” jurnalının baş redaktoru işləyib. Rus, gürcü, Ukrayna, özbək, belarus, tacik və s. dillərdən Azərbaycan dilinə tərcümələr edib. Xidmətlərinə görə iki dəfə “Qırmızı Əmək Bayrağı” ordeni, medallarla təltif olunub.
Canında-qanında, huşunda-guşunda doğma yurd həsrəti, atasızlıq dərdi daşıyan bu şair baba elə hey bizləri - daha doğrusu, ovaxtkı nənə-babalarımızı düşünüb. Qələmini əlinə götürən kimi, həmin o dədə-nənələrimizə ürək-dirək verən misralar üstə köklənərmiş. “- Şaxta baba, şaxtacan, - Hardasan bu vaxtacan?!” - deyərmiş. “Yadigar”, “Əsgər qardaşıma”, “Şaxta baba”, “Can nənə, bir nağıl de”, “Şeirlər”, “Təməl daşları”, “Qələbə yolları” , “Mənim azad torpağım”, “Bahar şəfəqləri”, “Balıqçı gəmiləri”, “Ellər bayramı”, “Vaxtında gəlmişik bu dünyaya biz”, “Xoşbəxt uşaqlara”, “Dünyanın gözəlliyi” və sair kitablarına, gözəl tərcümələrinə (M.Lermontov, S.Marşak, V.Höte) doğru yollar gələrmiş.
Bu “yollar” sözümü qəribliyə salmayın, can balalar! Çox sakit, dedikcə təmkinli, elə gəncliyindən ağsaqqal ömrü yaşamış bu şair baba çox mürəkkəb ictimai-siyasi küləklərə sinə gərməli, ətrafının paxıllıq, qısqanclıq, psixo-repressiya “skvoznyak”larını düşməli olub. Bütün bunlara baxmayaraq, düz yetmiş iki il bundan öncə yazdığı “Şaxta baba”sı ilə hamınızın ata-babalarını şən-şən yeni illərə qovuşdurub. Həmin “yollar”dan biri də uşaqlıqdır ki, onu hər kəs, hamı keçib və gələcək nəsillər də keçəcək. Ata-babalarımızdan, radiolardan eşitdiyiniz, kinolardan, televiziya verilişlərindən gördyünüz 1941-45 müharibəsini bu an daha canlı olaraq xatırlayın və görün o davanın qızğın çağında - 1942-ci ildə yazılmış o şeirdə sözlər, ifadələr balaca-balaca uşaqlara necə universal psixoloji təlim keçir:

...Qopdu bayırda tufan,
Uğuldadı yel, boran.
Döyüldü pəncərə bərk,
Açdı qapını külək.
Yelləndi çil-çiraqlar,
Doldu evə soyuq qar...
Aha, aha, deyəsən,
Şaxta babadır gələn!
Saç-saqqalı tamam ağ,
Başında qardan papaq.
Girdi evə bir qoca,
Boyu çinardan uca.
Yapıncısı buz kimi,
Parlayır ulduz kimi.
Qotazlı, qar xurcunu,
Uşaqlar görcək bunu -
Alıb dövrəyə həmən,
Tutdular ətəyindən:
- Şaxta baba! Şaxtacan!...
Haradasan bu vaxtacan?..

Deməzsizmi, həmin uşaqlar bura qədər nələr eşitmək istəyirmiş, hansı hiss-həyəcanlar yaşayıbmışlar? Kiminçün qaranlıq bir məqam varsa, buyurub, bir qədər ixtisarla verdiyim bu növbəti şeirlə duyğularını işıqlandıra bilər:

- Can nənə, bir nağıl da de!
- Ömrüm-günüm, yat daha,
Hamısını indi desəm, nağıl qalmaz sabaha.
- Can nənə, de birini də.
- Ağrın alım, sözə bax.
Evimizdə səndən savay, gör heç varmı bir oyaq?
Gecə keçib, ev soyuyub, hənir gəlmir ocaqdan;
Taxt üstündə məstan pişik, odur, yatıb bayaqdan.
Ört üstünü, dərdin mənə, bax, eşikdə yel əsir…
- Qar yağırmı?
- Elə yağır... sazaq qılınctək kəsir...
- Ay nənə, o kimdir elə pəncərəni bərk vurur?
- Heç kim deyil, yat, ay bala, yeldir, qarı sovurur...
Bir gizilti duyur uşaq vücudunda bu ara,
Həsrət qonan gözlərini zilləyərək divara,
Çarpayının baş ucunda öz əliylə asdığı
Şəklə baxır, fikrə gedir, qucaqlayıb yastığı…
- Bəs ay nənə, atam indi haradadır, görəsən?!
- Bıy başıma nələr, oğul, yatmayıbsan hələ sən?!
- Axı, nənə, heç demirsən, atam haçan gələcək,
İndi onu səngərdə bəs üşütmürmü qar, külək?
- Ömrum-günüm, körpə quzum, qurban olum adına,
Niyə köks ötürürsən o düşəndə yadına?
Atan yazır: hələ xoşdur bu tərəfdə havalar.
Deyir, oğlum darıxmasın, görüşərik bu bahar.
Heç darıxma, dərdin alım, atan gələr, o zaman
Sənə çoxlu nağıl deyər əsgərlikdən, davadan!
Di yat, indi gecə keçir...
- Onda, nənə, ay nənə!
Qoy kəsməyək ağ toğlunu, qalsın atam gələnə.
- Yaxşı, bala, qoy bağlarda çiçək açsın nar, ərik,
Sağlıq olsun, ağ toğlunu atan üçün kəsərik.
Mən eyvana xalı sallam, anan evi bəzəyər,
El qaydası süfrə açar, qohum-qonşumuz gələr.
Sən atanı qucaqlayar, üz-gözündən öpərsən,
Qoca baban saz kökləyib, nağıl deyər sübhəcən…

Ay “uşaqlar”, can balalar, bu, böyük bir aləm, bütöv bir lövhə, bitkin bir poema deyilmi? Sonuncu bənzətməni bir də buna görə qeyd etdim ki, 50 ilə yaxın yazıb-yaratmış bu şair bir dənə də poema yazmayıb. Amma hər şeiri poema qədər əhatəli, mükəmməl!
Deyim ki, bu şair babamız tək elə dava-şavadan yox, gözəl-özəl duyğulardan, təbiətdən, əbədi sevgi-məhəbbətdən də çox yazıb:

Ötən bulud, uçan quş! Mən burda, yar vətəndə...
Bəlkə düşdü yolunuz bir gün bizim də kəndə.
Görün, bağa-eyvana sərin kölgə düşəndə
O qız yenə oxurmu, şən mahnılar çalırmı?
Görün, hər nəğməsində məni yada salırmı?

İki bənd də - əzəli-əbədi məhəbbətin əzəli-əbədi tərəflərinin “yeri” haqda yazdığı bir şeirindən:

Bütün nağıllarda, əfsanələrdə
Qızlar bir Günəşdir, oğlanlarsa Ay.
Bütün mahnılarda, xoş nəğmələrdə
Dinən bir könüldür, susan min haray.

Bütün ulduzların parıltısında
Əlçatmaz bir eşqin şikayəti var.
Bütün bulaqların şırıltısında
Ötən bir sevdanın hekayəti var.

1977-ci ildə dünyadan köçən, yazdıqca yazılası, danışdıqca qurtarmayası bu babamız o günlərdə həm də bugünlər haqda düşünürmüş:

İki mininci ildə,
Gəzəcəkmi sözlərim
Yenə ağızda-dildə?!
İnanıram, bilirəm,
Onda mən olmasam da,
Qəlblərdə qalacağam...

Əlbəttə, Əhməd baba! Ötən il sənin 100 illik yubileyin qeyd olundu, bu günlər də xatirən anılır, haqqında yazılar yazılır ki, bu yazı da onlardan biri.
Allah sənə rəhmət eləsin, ruhun şad olsun...

Tahir Əhmədalılar