Almaniyalı rejissorun filmində ölkəmizin tarixi, multikulturalizm ənənələri, turizm imkanları da əks olunacaq

Mayın 24-də mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva almaniyalı kinorejissor Fridhelm Brüknerin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Görüşdə Azərbaycanda alman irsi haqqında filmin çəkilməsi ilə bağlı layihə müzakirə olunub. Nümayəndə heyətinin çəkilişlərlə bağlı Bakı, Gəncə şəhərlərinə, Gədəbəy, Göygöl, Şəmkir, Ağstafa, Tovuz, Samux rayonlarına səfərlərinin nəticələri haqqında fikir mübadiləsi aparılıb.
Layihənin həyata keçirilməsində əsas məqsəd Azərbaycanda və digər Qafqaz ölkələrində yaşamış almanların irsinin dünyaya çatdırılmasıdır. Layihə alman irsini işıqlandırmaqla yanaşı, ölkəmizdə mövcud olan multikultural mühit və tolerantlıq haqqında dünya ictimaiyyətinin məlumatlandırılmasına xidmət edəcək.
Nazir müavini Sevda Məmmədəliyeva almanların ölkəmizdə məskunlaşma tarixi, həyat tərzi, müxtəlif sahələrdə gördükləri işlər haqqında danışıb. Almanların ölkəmizdə yaratdıqları memarlıq nümunələrindən və uğurlu fəaliyyət sahələrindən bəhs edən nazir müavini deyib ki, Azərbaycanda alman irsinin qorunması, təbliği üzrə işlər aparılır, müxtəlif konfranslar, tədbirlər təşkil olunur.
Sevda Məmmədəliyeva bu istiqamətdə görülən işlərdən biri kimi Göygöldə Alman icmasının tarixi muzeyinin yaradılmasını xüsusilə qeyd edib və bu kimi mədəniyyət obyektlərinin iki xalq arasında möhkəm dostluq nümunəsi olduğunu vurğulayıb.
Berlin Humboldt Universitetinin Azərbaycan tarixi kafedrasının müdiri, professor Eva Maria Aux səfərin təşkilindən böyük məmnunluq duyduğunu ifadə edib və ilin sonuna qədər çəkilməsi planlaşdırılan filmin həm Azərbaycan, həm də Almaniya cəmiyyəti üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
Səfərdə iştirak edən səfir və diplomatlar üçün keçirilən proqramın direktoru Ortvin Hennig isə Azərbaycana dəvət olunduğuna və göstərilən səmimi qəbula görə minnətdarlığını ifadə edib. O, Azərbaycan xalqının qonaqpərvərlik və səmimiyyəti ilə yanaşı, tolerantlıq və multikultural dəyərlərə verdiyi böyük önəmin onda zəngin təəssüratlar yaratdığını vurğulayıb.
Kinorejissor Fridhelm Brükner layihənin həyata keçirilməsinin Azərbaycanın həm Almaniyada, həm də Avropada tanınmasına böyük təsir göstərəcəyini bildirib. Qeyd edib ki, filmin Almaniyanın bir neçə televiziya kanalında yayımı nəzərdə tutulur. Filmin hazırlanmasının əsas məqsədlərindən biri də Azərbaycanın turizm sektorunun tanıdılmasıdır. Filmdə Azərbaycanda alman izləri ilə yanaşı, ölkəmizin tarixi, tolerantlığı və multikulturalizm ənənələri də əks olunacaq. Rejissor sentyabr ayından filmin çəkilişlərinin başlanacağını deyib.
Sonda nazir müavini Sevda Məmmədəliyeva görüşdə müzakirə olunan məsələlərin əhəmiyyətini qeyd edib və birgə fəaliyyət nəticəsində bu layihənin iki ölkə arasında əməkdaşlığın inkişafına mühüm töhfə olacağını bildirib.
Qeyd edək ki, UNESCO-nun 2016-2017-ci illər üzrə yubileylər proqramı çərçivəsində Cənubi Qafqazda alman yaşayış məntəqələrinin salınmasının (1817) 200 illik yubileyi qeyd olunacaq. Bu yubiley münasibətilə Azərbaycanda olan alman irsi haqqında film çəkilməsi qərara alınıb.