Gəncənin Heydər Əliyev adına baş meydanında Miniatür Kitab Muzeyinin Gəncə filialının açılışı olub. Açılış mərasimində şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Azərbaycan Respublikası Prezidenti Katibliyinin rəisi Dilarə Seyidzadə, Mədəniyyət və Turizm Nazirliyi Aparatının rəhbəri Rafiq Bayramov, Miniatür Kitab Muzeyinin təsisçisi və rəhbəri Zərifə Salahova, millət vəkilləri, kitabsevərlər iştirak ediblər.

İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev tədbirdə çıxış edərək Miniatür Kitab Muzeyinin Gəncə filialında toplanan kitabların tədqiqatçılar və oxucular üçün faydalı olacağını vurğulayıb. Bildirib ki, müasir dövrdə mədəniyyət nümunəsi kimi dəyərləndirilən miniatür kitablar geniş yayılıb. Həcmcə kiçik olsalar da, böyük dəyərə malik miniatür kitablar xüsusi kitabxanalarda, muzeylərdə, sərgilərdə nümayiş etdirilir.
Miniatür Kitab Muzeyinin təsisçisi və rəhbəri, Əməkdar mədəniyyət işçisi Zərifə Salahova çıxışında xatırladıb ki, Bakının tarixi hissəsində, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən muzey 2002-ci il aprelin 23-də fəaliyyətə başlayıb. Muzey onun şəxsi kolleksiyasında olan kitablar əsasında yaranıb. Muzeyin fonduna 7500 miniatür kitab daxildir. Bu kitablar dünyanın 70-dən çox ölkəsində çap olunub.
Qeyd olunub ki, Miniatür Kitab Muzeyinin Gəncə filialında 15 vitrində 29 ölkədə nəşr olunan müxtəlif mövzularla bağlı yüksək poliqrafiya səviyyəsində çap edilmiş 1018 nüsxə kitab nümayiş olunur. Burada təkcə Azərbaycanın və digər ölkələrin görkəmli siyasətçilərinə, ədəbiyyat, elm, incəsənət və idman xadimlərinə həsr edilmiş, eləcə də dünya ədəbiyyatının nadir incilərini əks etdirən və rəngli illüstrasiyalı uşaq miniatür kitabları sərgilənir. Həmçinin miniatür dini kitablar, o cümlədən, 1672-ci ildə Səudiyyə Ərəbistanında çap olunan Quran nümayiş etdirilir.
Sonra tədbir iştirakçıları Gəncə Mərkəzləşdirilmiş Kitabxana Sisteminin yeni binaya köçürülən uşaq şöbəsi ilə tanış olub. Qonaqlara məlumat verilib ki, burada 8 min nüsxədən çox ədəbiyyat saxlanılır. Bunun təxminən 7 mini Azərbaycan dilində latın qrafikası ilə çap edilmiş kitablar, qalanı rus dilində nəşrlərdir. Şöbədə Azərbaycan və dünya ədəbiyyatı, o cümlədən məktəblərdə keçirilən dərslərə aid bədii ədəbiyyatlar toplanıb, həmçinin uşaqlara aid dövri mətbuat nümunələri yer alıb.