Keçmiş SSRİ-nin digər xalqları kimi, özbək xalqı da ötən əsrin 30-cu illərinin repressiyasından acı nəsibini alıb. Bu xalqın keçmişini öyrənən, gələcəyini düşünən minlərlə ziyalı və ədibi də o qorxunc illərin qurbanına çevrilib. Belə şəxsiyyətlərdən biri də yazıçı-publisist, Özbəkistan ədəbiyyatında roman janrının banisi, dilçi alim, tərcüməçi Abdulla Qədiridir.

Abdulla Qədiri 1894-cü ildə Daşkənddə tacir ailəsində dünyaya göz açıb. Atası mütərəqqi fikirli insan idi. Abdulla molla məktəbində ilk təhsilini aldıqdan sonra yerli rus-özbək məktəbində (1908-1912) oxuyur, rus dilini öyrənir. Təhsilini başa vurduqdan sonra Daşkənddə bir mülkədarın yanında mirzəlik edir. Eyni zamanda mütaliəsini davam etdirir, klassik cığatay (özbək) ədəbiyyatını öyrənir.
Tədricən Türküstanda maarifçilik hərəkatı vüsət alır, dövri mətbuat inkişaf edir. Bu mütərəqqi hərəkat Abdulla Qədiriyə də öz təsirini göstərir. Onun da mütaliəyə marağı gündən-günə artır. Gənc xalqını xurafatdan qurtarmaq üçün ilk əsərlərini qələmə alır. Culkunbay imzası ilə şeirlər yazır, vaxtaşırı dövri mətbuatda çıxışlar edir. “Əhvalımız”, “Toy”, “Millətimizə”, “Fikir” kimi şeirləri, “Uloqda”, “Bunlar bizim” və s. hekayələri dərc olunur, tezliklə ədəbi aləmdə tanınır. Mahmudhoca Behbudinin “Padarkuş” dramının təsiri ilə “Bəxtsiz adaxlı” adlı (1915) əsərini yazır. O, bu əsərlərində xalqı zamanla ayaqlaşmağa və müasirliyə səsləyir.
Abdulla Qədiri dünyagörüşünü və təhsilini artırmaq məqsədilə Şeyx Abdulqasım mədrəsəsinə daxil olsa da, təhsilini başa vura bilmir.
1916-cı ildə çar II Nikolayın fərmanı ilə Türküstandan 20-45 yaş arası kişilər səfərbərliyə alınır. I Dünya müharibəsində yardımçı işlərdə çalışmaq üçün cəbhəyə göndərilir. Lakin çarın bu sərəncamı etirazla qarşılanır, Türküstanı üsyan dalğası bürüyür. Bölgəyə ordu qüvvələri göndərilir, yüzlərlə özbək ailəsi ev-eşiyindən didərgin düşür.
Bütün bunlar Abdulla Qədirinin gözləri qarşısında baş verirdi. Digər soydaşları kimi, o da bolşeviklərin vədlərinə, gözəl səslənən şüarlarına inanırdı. Bolşeviklər xalqla ünsiyyət qurmaq üçün Abdulla Qədiri kimi ziyalı gənclərdən istifadə edirdilər. Beləliklə, o, 1918-ci ildə Daşkənddəki Əskişəhər qəza komitəsinə katib təyin olunur. Bir il sonra onu bolşeviklərin ideyalarını təbliğ etmək məqsədilə yeni təsis edilən qəzetdə işə götürürlər. 1919-1923-cü illərdə qəsəbə sovetinin katibi, bolşeviklərin özbək dilində açdıqları “İştirakuyun” və “Qızıl bayraq” qəzetlərində çalışır. 1923-cü ildə “Muşdum” adlı satirik jurnala baş redaktor təyin edilir.
Bu arada 1919-cu ildən yazmağa başladığı “Ötən günlər” romanını tamamlayır. Romandan parçalar qəzet və jurnallarda hissə-hissə çap olunur. Əsər tez bir zamanda şəhərdə böyük əks-səda doğurur. Tanınmış özbək dilçi-türkoloqu Xalid Səid Xocayev Abdulla Qədirinin bu romanını Azərbaycan dilinə tərcümə edir və əsər 1929-cu ildə Bakıda çap olunur.
Abdulla Qədiri 1925-ci ildə Moskvada ədəbiyyat kursuna göndərilir. Birillik kursu başa vurduqdan sonra Daşkəndə qayıdaraq ardıcıl bədii yaradıcılıqla məşğul olur. Üzərində xeyli vaxt işlədiyi “Mehrab əqrəbi” romanını çap etdirir. Əsər özbək xalqının XIX yüzillikdə həyat tərzindən bəhs edir. Oxucular tərəfindən çox maraqla qarşılanan tarixi-etnoqrafik əsər 1929-cu ildə Səmərqənddə təkrar nəşr edilir. Ancaq roman sosializm realizminin prinsiplərinə tam cavab vermədiyi üçün tənqidə məruz qalır. Dövri mətbuatda Abdulla Qədiri “xırda burjua yazıçısı” kimi qələmə verilir. Haqsız tənqidlərdən sıxılan yazıçı bir ara yeni əsərlər yazmağa ara verir, tərcüməçiliklə məşğul olur. Müxtəlif xalqların məşhur ədiblərinin əsərlərini özbək dilinə tərcümə edir. Var gücü ilə özbək dilinin zənginləşməsinə, saflaşmasına töhfələr verir.
Abdulla Qədiri ölkədə baş verən haqsızlıqlara, sosializm quruculuğu adı altında həyata keçirilən antimilli siyasətə qarşı mübarizə aparanlara qoşulur. Gizli antisovet təşkilatının fəallarından birinə çevrilir. Xüsusi xidmət orqanları isə bu təşkilatın fəaliyyətinin ciddi izləyir. 1937-ci ilin sentyabrında Abdulla Qədiri və əqidə yoldaşları həbs olunur. 1938-ci ildə onları Daşkənddə Bozsu çayı vadisində güllələyirlər.
Digər repressiya qurbanları kimi, Abdulla Qədiri də 1956-cı ildə (ölümündən sonra) bəraət alır. 1991-ci ildə Özbəkistan müstəqilliyinə qovuşduqdan sonra isə onun adına Dövlət mükafatı təsis edilir. Daşkənd Mədəniyyət İnstitutu, metro stansiyalarından biri onun adını daşıyır. Əsərlərinin külliyyatı çap olunub, haqqında bədii və sənədli filmlər çəkilib.

Savalan Fərəcov