Mayın 23-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Cəfər Cabbarlı mükafatının təqdimat mərasimi keçirildi.

Mərasimdə çıxış edən Cəfər Cabbarlının ev-muzeyinin direktoru, ədibin nəvəsi Qəmər Seyfəddinqızı bildirdi ki, mükafatın builki təqdimatı QHT-lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə C.Cabbarlı adına mədəniyyət, elm, təhsilin inkişafına yardım İctimai Birliyinin layihəsi əsasında həyata keçirilir. Qeyd olundu ki, muzeyin layihəsi əsasında 2001-ci ildə təsis edilən mükafat ədəbiyyat, teatr və kino, jurnalistika, ədəbiyyatşünaslıq sahələri üzrə çalışan yaradıcı insanlara verilir.
Sonra mükafat sahibləri elan edildi.
Bu il mükafata Xalq şairi Nəriman Həsənzadə, Xalq artisti Fuad Poladov, filologiya üzrə fəlsəfə doktoru Rauf Sadıxov, Xalq artisti Mələkxanım Əyyubova, yazıçı-publisist Sadıq Elcanlı, C.Cabbarlının Bakıda ucaldılan abidəsinin memarı Mirəli Mirqasımov, Azərbaycan Radiosunun diktoru Eldost Bayram layiq görülüb. Mükafatlar sahiblərinə təqdim olundu. M.Mirqasımovun mükafatı həyat yoldaşı, professor Gültəkin Mirqasımovaya verildi.
Teatrşünas Çingiz Ələsgərli, Dünya məktəbinin rəhbəri Nailə İsayeva və məktəb teatrının bədii rəhbəri Murad Allahverdi, C.Cabbarlının ev-muzeyinin baş fond mühafizi Sənubər Əhmədova xüsusi diplomla təltif olundular.
Xalq şairi Nəriman Həsənzadə mərasimdə iştirak edən görkəmli ədibin qızı Gülarə Cabbarlıya həsr etdiyi şeiri səsləndirdi. Xalq artisti Fuad Poladov C.Cabbarlının əsərlərinin tamaşalarında çıxış etmək arzusunda olduğunu söylədi: “Mənə hər zaman elə gəlib ki, Cəfər Cabbarlını həyatda görmüşəm, onunla ünsiyyətim olub. Yəqin bu ondan irəli gəlir ki, mənim atam Cəfər Cabbarlının adını daşıyan 161 saylı məktəbin direktoru olub. Özümüz də eyni məhəllədə yaşamışıq. İndi də tale elə gətirib ki, metronun “Cəfər Cabbarlı” stansiyasından çıxıb işə gedirəm. Çox istəyərdim, Cəfər Cabbarlının əsərlərinin birində çıxış edim”.
Təqdimat mərasimi ədəbi-bədii, musiqili kompozisiya ilə davam etdi.

Lalə Azəri