AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov böyük rus şairi və yazıçısı Mixail Lermontovun “Zəmanəmizin qəhrəmanı” romanının Azərbaycan dilinə XIX əsrdə edilmiş tərcüməsini üzə çıxararaq tədqiqata cəlb edib.
Əlyazmalar İnstitutundan bildiriblər ki, Bina Əli bəy Qazi Arif Əfəndizadə tərəfindən 1900-cü ildə tamamlanmış tərcümə “Bizim vaxtın pəhləvanı hekayələrindən” adlanır.
Burada “Maksim Maksimıç”, “Peçorinin dəftərindən”, “Fatalist” hekayələri öz adı ilə verildiyi halda, “Bela” hekayəsi “Ziba xanım”, “Knyajna Meri” hekayəsi isə “Meri xanım” adı ilə gedib. Nümunə XIX əsr Azərbaycan tərcümə ədəbiyyatının öyrənilməsi baxımından maraq kəsb edir.