Moskvada Rusiya Dövlət Kitabxanasının Şərq Ədəbiyyatı Mərkəzində tanınmış azərbaycanlı yazıçı-jurnalist Fərhad Ağamalıyevin (1946-2012) xatirə gecəsi və “Dalğaların tərs üzü” adlı sonuncu kitabının təqdimat mərasimi keçirilib.
Tədbirdə Fərhad Ağamalıyevin həyat və fəaliyyətindən söz açılıb. F.Ağamalıyev Bakıda anadan olub, 1979-cu ildə Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunu bitirib. Onun ssenariləri əsasında bir neçə bədii və sənədli film çəkilib. Yazıçı-jurnalist 1993-2003-cü illərdə Azərbaycanın Rusiyadakı səfirliyində mətbuat attaşesi, sonra səfirliyin birinci katibi vəzifəsində çalışıb. Son illərdə o, “Baku” jurnalı ilə əməkdaşlıq edirdi, nəşrdə “Bakinstvo” rubrikasının aparıcısı idi. Müəllif çox cəhətdən real hadisələrə əsaslanan “Dalğaların tərs üzü” romanı üzərində bir neçə il işləyib.