15 iyun - Milli Qurtuluş Günü münasibətilə mədəniyyət ocaqlarında müxtəlif tədbirlər keçirilir, incəsənət ustalarının, musiqi kollektivlərinin iştirakı ilə konsertlər təşkil olunur.
Milli Kitabxanada Milli Qurtuluş Günü münasibətilə kitab sərgisi açılıb. Kitabxananın direktoru, professor Kərim Tahirov tədbiri açaraq ulu öndər Heydər Əliyevin həyat yoluna nəzər salıb, müstəqilliyimizin qorunub saxlanılmasında ümummilli liderin əvəzsiz xidmətlərindən danışıb.
Sərgidə ümummilli liderin həyatını, siyasi fəaliyyətini əks etdirən müxtəlif dillərdə kitablar nümayiş olunur.
* * *
Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində keçirilən tədbiri muzeyin direktoru, Əməkdar mədəniyyət işçisi Alla Bayramova açıb. C.Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyinin direktoru Sevinc Mikayılova çıxış edib. Musiqi Mədəniyyəti Dövlət Muzeyinin şöbə müdiri Xanım Abdinovanın “Heydər Əliyevin Azərbaycan musiqisinin inkişafında rolu” mövzusunda məruzəsi dinlənilib.
Bəstəkar, Əməkdar incəsənət xadimi Vasif Allahverdiyevin “Heydər Əliyev - ömür yolu” simfonik poemasının film versiyası nümayiş olunub.
* * *
Nizami Kino Mərkəzində Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi və Mədəni Tədbirlərin Təşkili və Yaradıcı Gənclərlə İş üzrə Mərkəzin təşkilatçılığı ilə “Xəzri” rəqs qrupunun Milli Qurtuluş Gününə həsr olunmuş hesabat konserti keçirilib. Konsertdə Polad Bülbüloğlunun “Şən Azərbaycan”, Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından parça, “Uzundərə” və “Tellərini yan dara, qız” xalq mahnıları və s. nümunələr maraqla qarşılanıb.
* * *
Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Badamdar qəsəbəsindəki Heydər Əliyev parkında bayram konserti təşkil olunub. Konsertdə Xalq artisti Teymur Göyçayevin rəhbərlik etdiyi Qara Qarayev adına Dövlət Kamera Orkestrinin müşayiəti ilə Xalq artisti Azər Zeynalov, əməkdar artistlər Ramil Qasımov, Elnarə Abdullayeva, İlahə Əfəndiyeva, beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü Aytac Şıxəlizadə və 12 saylı musiqi məktəbinin şagirdi Murad İbrahimovun ifasında dünya və Azərbaycan bəstəkarlarının əsərləri, xalq mahnıları səsləndirilib.