Xəbər verdiyimiz kimi, F.Köçərli adına Respublika Uşaq Kitabxanası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə növbəti “Uşaq kitab karvanı” layihəsini respublikamızın şimal bölgəsində gerçəkləşdirib. “Multikulturalizm ili”nə həsr olunan layihəyə iyunun 14-də Qusar rayonunda yekun vurulub.

Qusar şəhər N.Nərimanov adına istirahət parkında təşkil olunmuş tədbiri rayon Mərkəzi kitabxanasının direktoru Zahir Mustafayev açaraq layihənin əhəmiyyətindən danışıb. Bildirib ki, belə tədbirlər uşaq ədəbiyyatına marağı yüksəltməklə uşaqları mütaliəyə cəlb etməkdə böyük rol oynayır. Mədəniyyət və Turizm Nazirliyinin “Xalq yaradıcılığı paytaxtları” proqramı çərçivəsində 2016-cı ildə “Azərbaycanın folklor paytaxtı” elan olunan Qusar rayonunda bu il maraqlı, rəngarəng tədbirlərlə yadda qalacaq. “Uşaq kitab karvanı” da belə tədbirlərdən biridir.
Respublika Uşaq Kitabxanasının direktoru Şəhla Qəmbərova çıxışında “Azərbaycanın Folklor Paytaxtı - Qusar” adlı tövsiyə biblioqrafiyasının və elektron məlumat bazasının hazırlanmasından, bu sahədə müfəssəl məlumatların toplanmasından söhbət açıb. Bildirib ki, iş kitabxanamızın ölkəşünaslıq şöbəsinin öz təşəbbüsü ilə həyata keçirilib və gələcəkdə bu məlumatlardan virtual oxucular istifadə edəcək.
Bayram tədbirində uşaqlar tədbirdə sevimli yazıçıları ilə görüşüblər. Şən musiqi sədaları altında keçən tədbirdə onlar şeirlər söyləyib, mahnılar ifa ediblər. Tədbir iştirakçıları səyyar kitab sərgiləri ilə tanış olublar. Orta yaş qrupu oxucularla “Sənin intellektin - oxuduğun kitablardır”, kiçik yaşlılarla isə “Ən yaxşı nağıl bilicisi” müsabiqələri keçirilib.
Sonda Respublika Uşaq Kitabxanası tərəfindən Qusar Mərkəzi kitabxanasına kitab bağlamaları hədiyyə olunub.