İyunun 14-də “Formula 1” Avropa Qran-prisinin Bakı Marşal Klubunun təntənəli açılış mərasimi olub.
Gənclər və idman naziri Azad Rəhimov rəmzi açılışı bildirən lenti kəsdikdən sonra klubda yaradılan şəraitlə tanış olub. Məlumat verilib ki, klubda marşalların asudə vaxtının səmərəli təşkili üçün hər cür şərait yaradılıb.
Mərasimdə çıxış edən Azad Rəhimov ölkəmizin irimiqyaslı tədbirlərə yüksək səviyyədə ev sahibliyi etdiyini vurğulayıb. Yarışda marşalların rolunun məsuliyyətli olduğunu diqqətə çatdıran nazir bu vacib peşə sahiblərinə işlərində müvəffəqiyyətlər arzu edib.
Nazir deyib: “Avropa Qran-pri yarışlarına 1200 marşal cəlb olunub. Bunların 1000-i yerli, 200-ü isə əcnəbi marşallardır. Onlar arasında Bəhreyn, Rusiya, ABŞ, Avstraliya, İngiltərə və digər ölkələrdən olan marşallar var. Marşallar “Bakı-2015” ilk Avropa Oyunlarının Atletlər kəndində yerləşdiriliblər”.
Bəhreyn Marşal Klubunun rəhbəri Faez Rəmzi yarışa hazırlığın yüksək səviyyədə getdiyini, Bakının Şərq və Qərb mədəniyyətini özündə cəmləşdirdiyini və iki ölkə marşallarının arasında sıx əməkdaşlığın olduğunu diqqətə çatdırıb.
“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin Əməliyyatlar şöbəsinin və Bakı Marşal Klubunun rəhbəri Çingiz Mehdiyev və əməliyyat şirkətinin icraçı direktoru Arif Rəhimov marşalları salamlayıb və onlara fəaliyyətlərində uğurlar arzulayıblar.
Tədbir konsert proqramı ilə davam edib.