Bu yarış ölkəmizə daha çox turistin gəlməsi üçün yaxşı imkandır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 16-da “Formula One Management”in prezidenti Berni Ekklstounu qəbul edib.

“Formula One Management”in prezidenti Berni Ekklstoun “Formula 1” yarışının Bakıda yüksək səviyyədə təşkil olunduğunu bildirib. O, Bakıda gördüyü inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını deyib.
Berni Ekklstoun bu tədbirin Bakıda keçirilməsinin Azərbaycanda gedən inkişaf prosesləri ilə bağlı məlumatların dünyada yayılması işinə xidmət edəcəyini vurğulayıb. Qonaq Azərbaycanın “Formula 1” ailəsinə daxil olmasından məmnun qaldığını deyib.
Beynəlxalq tədbirlərin təşkili baxımından ölkəmizin yaxşı təcrübəyə malik olduğunu deyən Prezident İlham Əliyev “Formula 1” yarışının keçirilməsi üçün paytaxtın artıq hazır olduğunu bildirib.
Dövlət başçısı yarım milyardlıq auditoriyası ilə maraq doğuran və dünyanın məşhur idman yarışlarından olan “Formula 1”in keçirilməsi münasibətilə əhali arasında yüksək əhval-ruhiyyənin olduğunu vurğulayıb.
Prezident bildirib ki, biz Bakının gözəlliyi və ölkəmizin inkişafı ilə bağlı dünyada daha çox məlumatın yayılmasında maraqlıyıq. Bu baxımdan ölkəmizdə keçirilən beynəlxalq tədbirlərin önəmini qeyd edən dövlətimizin başçısı son vaxtlar Azərbaycana gələn turistlərin sayının artmasını sevindirici hal kimi dəyərləndirib. “Formula 1” yarışının əhəmiyyətinə toxunan Prezident İlham Əliyev ölkəmizə daha çox turistin gəlməsi üçün tədbirin yaxşı imkan yaratdığını bildirib. Dövlətimizin başçısı qeyd edib ki, turistlərin Azərbaycanda sayının artması daha çox insana təkcə Bakıda deyil, ölkəmizin digər bölgələrində də gedən inkişaf prosesləri ilə bağlı dolğun informasiya əldə etmək imkanı yaradır. Prezident “Formula 1” yarışının bu baxımdan böyük önəm daşıdığını vurğulayıb.
Görüşdə əməkdaşlığa dair məsələlər ətrafında fikir mübadiləsi aparılıb.