Mədəniyyət və turizm nazirinin müvafiq əmrinin icrası ilə əlaqədar mədəni irsin yerlərdə qorunması və təbliği, turizm infrastrukturunun inkişaf etdirilməsində muzeylərin üzərinə düşən vəzifələrin öyrənilməsi və inkişaf etdirilməsi məqsədilə Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzi tərəfindən səyyar seminar-treninqlərə start verilib.
İyunun 21-də başlanan treninqə Gəncə regional mərkəz olmaqla Samux, Göygöl, Goranboy, Şəmkir, Daşkəsən rayonlarını əhatə edən abidə mühafizəçiləri və muzey işçiləri cəlb olunub.
Mərkəzin direktoru Ramazan Şabanov treninqləri açıq elan edib. Tədbirdə Gəncə Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Sənan Hacıyev də iştirak edib.
Seminar-treninqdə əhatə olunan rayonlar üzrə 34 abidə mühafizəçisi, 22 muzey işçisi iştirak edir. Treninqi əhatə edən mövzular “Mədəniyyət haqqında” qanundan irəli gələn məsələləri əhatə edir, yerlərdə maddi və qeyri-maddi mədəni irsin qorunması və bərpası, turizmin inkişafı məsələlərinə həsr olunub.
Treninqi mərkəzin, Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin “Azərbərpa” Elmi Tədqiqat Layihə İnstitutunun, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun, Qobustan Milli Tarixi-Bədii, Şirvanşahlar Saray kompleksinin, Azərbaycan İstiqlal və Milli Tarix muzeylərinin əməkdaşları, mütəxəssislər aparırlar.
Abidə mühafizəçiləri üçün “Tarixi abidələr bugün və sabah: mühafizə problemləri”, muzey işçiləri üçün isə “Turizmin inkişafında muzeylərin rolu” mövzularında səyyar seminar-treninqlər iyunun 25-dək davam edəcək.