Azərbaycan kulinarları Ukraynanın Çernovtsı şəhərində keçirilən “BEST Cook FEST Junior-2016” beynəlxalq kulinariya çempionatında uğurla iştirak ediblər.

İyunun 17-də bununla bağlı keçirilən mətbuat konfransında çempionata qatılmış komandanın üzvləri və Azərbaycan Milli Kulinariya Mərkəzinin direktor müavini Ceyran Əsgərova iştirak edirdi.
Ceyran Əsgərova “BEST Cook FEST Junior-2016” kulinariya çempionatı haqqında geniş məlumat verdi. Bildirdi ki, bu yarışmaya 6 ölkə - Ukrayna, Azərbaycan, Türkiyə, Polşa, İsrail və Serbiya kulinarları qatılıb. Çempionatda ölkəmizi Milli Kulinariya Assosiasiyasının üzvləri Nicat Babayev, Elməddin Mürsəliyev və Azərbaycan Milli Kulinariya Mərkəzinin texnoloqu, komandanın kapitanı Azadə Musabəyli təmsil edib. Komandamızdan Nicat Babayev quzu ətindən hazırladığı nümunələrlə “əsas yemək” və “modern mətbəx” sinfindən gümüş və bürünc, “ilin gənc aşpazı” sinfindən bürünc medal, Elməddin Mürsəliyev “əsas yemək” üzrə gümüş, “ilin gənc aşpazı”nda bürünc, Azadə Musabəyli isə toyuq ətindən “əsas yemək” üzrə bürünc medal qazanıb. “Qara qutu” komanda sinfində komandamız 1-ci yeri tutub və qızıl medal qazanıb. Ümumilikdə 8 sinfin 7-də təmsilçilərimiz uğurla çıxış ediblər.
Azərbaycan Milli Kulinariya Mərkəzinin direktor müavini onu da qeyd etdi ki, tək və komanda yarışlarında quzu əti, balıq və desert yeməklərində komandamız yüksək nəticə göstərib. Beləliklə, tərkibi ancaq gənclərdən ibarət olan komandamız 7 fərdi və 1 komanda yarışında 2 gümüş, 4 bürünc və 1 qızıl medal qazanıb.

Fariz Hüseynov