Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində 26 iyun - Silahlı Qüvvələr Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Xətai Rayon İcra Hakimiyyəti, Gənclər və İdman idarəsinin nümayəndələri, Ali Hərbi Məktəbin zabit heyəti və kursantları iştirak ediblər.
Çıxış edənlər Silahlı Qüvvələr Günü münasibətilə hərbçiləri təbrik edib, bu il aprelin əvvəlində qoşunların təmas xəttində törədilən təxribatlar zamanı Azərbaycan Ordusunun göstərdiyi şücaətin xalqımızda böyük ruh yüksəkliyi yaratdığını vurğulayıblar.
Sonra Xətai rayon Mədəniyyət mərkəzinin “Təbəssüm” uşaq xalq rəqs ansamblının ifasında rəqs nömrələri təqdim edilib. Əməkdar artist Elza Seyidcahan, “Gündəm” qrupu, müğənnilər Mirkamil Kamilov, Aysel Əlizadə, Səbinə Əsgərova, Niyam Salami, Rahidə Baxış və başqaları vətənpərvərlik ruhunda olan mahnılarla hər kəsdə xoş əhval-ruhiyyə yaradıblar.
Tədbir iştirakçıları müxtəlif bayram şirniyyatına qonaq edilib. Sonda Ali Hərbi Məktəbin rəhbərliyi tədbir təşkilatçılarına təşəkkürlərini bildiriblər.
* * *
Səbail rayon MKS-nin Mərkəzi kitabxanasında Silahlı Qüvvələr Günü münasibətilə tədbir təşkil olunub. Tədbirdə Müdafiə Nazirliyi Azərbaycan Hərb Tarixi Muzeyinin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə, Səbail rayon MKS-nin direktoru N.Ələkbərova, hərb tariximizin tədqiqatçısı, yazıçı-publisist Şəmistan Nəzirli, hərbi telejurnalist Rahib Qərib, yazıçı Qəşəm İsabəyli, N saylı hərbi hissənin komandir və əsgər heyəti, Hərb Tarixi Muzeyi və MKS-nin əməkdaşları iştirak ediblər.
Tədbirdə Azərbaycan Silahlı Qüvvələrinin keçdiyi tarixi yoldan ətraflı söhbət açılıb. Bakı şəhəri G.Saroyev adına 35 saylı onbirillik uşaq musiqi məktəbinin X sinif şagirdi Ülvi İsmayılzadənin ifasında səslənən vətənpərvərlik ruhunda mahnılar tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.
İştirakçılar Silahlı Qüvvələr Gününə həsr olunmuş kitab sərgisi ilə də tanış olublar.
* * *
Astara rayon Mərkəzi kitabxanasında “Güclü ordu güclü dövlətdir” mövzusunda tədbir keçirilib. Çıxış edənlər Heydər Əliyevin Milli Ordu quruculuğu sahəsində tarixi xidmətlərindən danışıb, dahi rəhbərin başladığı işlərin Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıblar.
* * *
Silahlı Qüvvələr Günü münasibətilə Qax rayonunun mədəniyyət müəssisələrinin kollektivləri Almalı, Qındırğa, Lələli, Ağyazı, Qarabulaq, İlisu kəndlərindəki sərhəd məntəqələrində konsert proqramı ilə çıxış ediblər. Həmçinin rayonun idarə və müəssisələri tərəfindən əsgərlərə bayram sovqatı aparılıb. Konsert proqramında ifa olunan xalq mahnıları, rəqslər əsgərlərə xoş anlar yaşadıb. Sərhəd məntəqələrinin komandir heyəti konsert proqramına görə Mədəniyyət və Turizm şöbəsinin, bayram sovqatına görə isə idarə və təşkilat rəhbərlərinə təşəkkürlərini bildiriblər.
* * *
Şirvan şəhər Mərkəzi kitabxanasında “Biz ordumuzla fəxr edirik” adlı tədbir təşkil edilib. Kitabxananın əməkdaşları Alma Cəfərova, Nəsibə Təhməzova, Məlahət Məmmədova, Tamella Heydərova Silahlı Qüvvələrimizin keçdiyi yoldan bəhs ediblər. Tədbirdə Silahlı Qüvvələr Günü ilə bağlı sərgi nümayiş etdirilib.