Ədəbiyyatşünas alim Arif Əmrahoğlunun xatirəsi yad edilib

Noyabrın 7-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) “Natəvan” klubunda tanınmış ədəbiyyatşünas alim, pedaqoq, dəyərli ziyalı, uzun illər qurumun katibi vəzifəsində çalışmış Arif Əmrahoğlunun (1954-2014) 60 illik yubileyi münasibətilə xatirə mərasimi keçirilib.
AYB-nin sədri, Xalq yazıçısı Anar Arif Əmrahoğlunun dəyərli ədəbiyyatşünas alim və əvəzsiz insan kimi müsbət xüsusiyyətlərindən söhbət açıb. Bildirilib ki, 70-ci illərdə ədəbiyyata hekayə ilə gəlmiş A.Əmrahoğlu istedadlı tənqidçi, ədəbiyyatşünas alim kimi tanınmışdı. 2004-cü ildən AYB-nin katibi vəzifəsini icra edən görkəmli alimin “Nəsrin poetikası”, “Sözə inam sabahımızdır”, “Epik sözün bədii gücü”, “Türk xalqları ədəbiyyatı”, “Mən xoşbəxtəm ki, anlamağa qadirəm” və s. kitabları ədəbi ictimaiyyətin diqqət mərkəzində olub.
Tədbirdə xalq şairləri Fikrət Qoca, Zəlimxan Yaqub və başqaları ədəbiyyatşünas alimin A.P.Çexovun Azərbaycan dilində nəşr olunan üçcildlik “Seçilmiş əsərləri”nin, Moskvada rus dilində nəşr olunan M.F.Axundzadənin “Seçilmiş əsərləri”nin tərtibçisi kimi böyük xidmətlərini diqqətə çatdırıblar. Yorulmadan çalışan, uzun illər Azərbaycan Universitetində pedaqoji fəaliyyət göstərən Arif Əmrahoğlunun gənc ədəbiyyatşünaslar nəslinin yetişməsində böyük əməyi olduğu vurğulanıb. Yaxın dostları, həmkarları onun barəsində keçmiş zamanda danışmağın çətin olduğunu söyləyiblər.
Anım tədbirində Arif Əmrahoğlunun “Yarımçıq ömrün yarpaqları” kitabının təqdimatı olub. Redaktoru və tərtibçisi Məlahət Qəmbərova olan kitabda ədəbiyyatşünas alimin ömrünün son illərində yazdığı oçerk və elmi məqalələri toplanıb.
Sonda alimin qızı Günel Arifqızı ailəsi adından tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.