İyulun 5-də Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi ilə “Azad Azərbaycan” teleradio şirkəti arasında əməkdaşlıq memorandumuna əsasən “Parlaq imzalar” nəşriyyatında çap olunmuş kitabların təqdimat mərasimi keçirilib.
Səbail rayon MKS-nin Mərkəzi kitabxanasında təşkil olunan təqdimatda idarənin rəisi Vüqar Zeynalov, “ATV Kitab” layihəsinin və Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin rəhbəri Səlim Babullaoğlu, idarənin əməkdaşları iştirak ediblər.
Vüqar Zeynalov çıxış edərək birgə əməkdaşlığın nəticəsi olaraq ilk kitabların təqdimat mərasiminin keçirilməsindən məmnunluğunu bildirib. Qeyd edilib ki, bundan sonra da yeni kitablar nəşr olunacaq və gənc nəslin maarifləndirilməsi istiqamətində səmərəli işlər görüləcək.
Tədbirdə “Bartlbi və çevrəsi”, “Səsindən tanıdılar payızı”, “Dədə Qorqud”, “Tənha”, “Alman malı”, “Azəristan ölkəsi” kitabları kitabxana oxucularına və idarənin şəbəkəsinə tabe olan digər kitabxanalara paylanılıb.
Qeyd edək ki, əməkdaşlıq memorandumuna əsasən Bakıda uşaq, yeniyetmə və gənclərlə görüşlərin keçirilməsi, onların bədii ədəbiyyata və mütaliəyə marağının artırılması məqsədilə müxtəlif mədəni tədbirlərin təşkili, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi tərəfindən “ATV Kitab” layihəsinə daxil olan nəşr nümunələrinin alınıb gənc oxuculara çatdırılması nəzərdə tutulur.