Vaqif Bəhmənli

 

 

 

 

Hər kəs özü-özünə verdiyi sualların və o suallara tapdığı cavabların sayı qədər zəngindir. Əslində insan bir yerdə götürülən sual-cavab deməkdir.

 

Şairdən ilahi duyğular tələb edin. Vaxt gələcək, onun duyğuları, sizin duymaq həvəsiniz tükənəcək. Nə qədər ki, həzz bulağının yerində dibi çat-çat, qupquru çala qalmayıb, könül yanğınızı söndürün!

 

Əgər hər hansı bir əsərdən təsirlənərək yaratdığın yeni əsər kəşf deyilsə, onda o, ya heç nədi, ya plagiat.

 

Sabir şeirindən ahəngdar ideyanı çıxsaq, yerdə nə qalar? Zəmanədən və taledən yarımayan söyüşcül bir müxbir və yaxud ortabab qəzəlxan!

 

Şöhrətli adamın uğursuzluğu da uğurları kimi kütləvidir.

 

Mikayıl Abdullayev naturalist rəssamdır. Lakin onun əsərlərində həyatdan və fotodan fərqli bir dinamika var. Bəzən bu böyük rəssamın obrazlarının hərəkəti insanın keçmişinin xoşbəxt və kədərli anlarını az qala olduğu kimi göz önünə gətirir. Əsas məsələ burasındadır ki, onun ifadə etdiyi dinamika əbədidir, dünyanın sonuna qədər təkrarlanacaq, daha doğrusu sonsuz şəkillərdə zühur edəcək. Dünənin, indinin və gələcəyin mənasını anlatmaq üçün rəng qutusunda ürək, fırçasında göz, kətan müstəvisində tərəzi bulan sənətkar Allahın bir parçasıdır.

 

Mən uzaq yeniyetməlik və ilk gənclik illərində şair idim... İxtiyarımda ağzından mürəkkəb şoralanan qələmim, dama-dama, paralel və çarpaz xətli varaqları irəlidəki mübhəm tale barədə yalnız nikbinlik, uğur vəd edən ucuz dəftərlərim vardı... hər şey rahat başa gəlirdi...

İndi dalğın bir rəssamam; qaralan qanım rəngdi, didilmiş sinəm kətandı, yoluq başım isə tükü tökülmüş fırçadı.

Və yazmaq it zülmüdü... Kaş indiki ağlım onda olaydı. Kaş elə şair olaraq qalaydım; yeniyetmə, gənc, yelbeyin!

 

Mənim əclaflıq imkanım hər kimdə olsaydı və həmin kəs o əclaflığın qarşısını mənim tərzimdə - yəni ürək yumşaqlığı və ağıl sərtliyi ilə almasaydı, bəlkə də dünyanın padşahı olardı. Fəqət iblis çuxasında, şeytan taxtında...

 

Qüdrətli şairlər üçün sərbəst vəznli şeir yazmaq taxıl biçini zamanı günəşin və işin istisindən təntiyəndə tarla kənarındakı tənha palıd kölgəsinə çəkilib təri soyutmağa bənzər. Bərəkətli zəminin bağrından torağaylar kimi qəfil pərvazlanan xalis şeirlərin yuvası, palıd ağacının qalın kölgəsində deyil, göründüyü kimi oradadır, tarlada. Hələ onu demirəm ki, yaxınlıqdakı zəminin varlığından bixəbər yüzlərlə fırıldaqçı nə vaxtdan bəri həmən o qalın kölgəli palıd ağacının altını rahatxanaya çevirib!

 

Nə tərif, nə tənqid - həqiqətləri yalnız təhlil üzə çıxara bilər.

 

Övladım, atandan və yaxud anandan eşitdiyin ən acı kəlmələri, hətta təhqirləri belə dərhal bağışla. Çünki o sözləri sənə atan, anan yox, bədənin deyir...

 

İqtidara kim gəlsə sənin adamın olacaq; çalış ayaq altında qalma...

 

Bütün digər yaradıcılıq sahələrində olduğu kimi şairliyin də əsasında fövqəltəbii enerji dayanır. Bu, birinci şərtdir və izahına ehtiyac yoxdur. İkinci şərt bilikdir. Cahillər üçün şairlik bir yelbeyinin qismətinə düşən gözəl kimidir və o gözəlin pis yola düşməyi istisna deyil. Yaxşı şair olmağın üçüncü şərti məharətdir. Bütün şərtlərin birlikdə mövcud olduğu müstəvi, dördüncü şərt – zəhmətdir. Bu dörd şərti birləşdirməyə fürsət tapan şairin qüdrəti önündə qəzavü-qədər də acizdir.

Qoy şairliyi Tanrı hifz etsin...

 

Yaşamaq – hərarəti normada saxlamaqdı...

 

O şeiri sevirəm ki, oxuyub başa çıxandan sonra demirsən dərindi, müdrikdi, moderndi, sadəcə, deyirsən: gözəldi!

 

Görəsən, nə üçün insan daim okeanların o üzünə can ataraq möhtəşəm arzu və həqiqətlərin məhz orada – okeanların o üzündə olduğunu düşünür? Halbuki, okeanların o üzündəkilər də, eyni qaydada bizi okeanların o üzündəkilər hesab edirlər!

 

Bağıma bağ kimi baxmıram... Bağıma mövzu kimi baxıram. Bağımı görməyən nə söylədiyimi necə anlaya bilər?

 

Bütün hallarda doğulmaq təsadüf, bütün hallarda ölüm zərurətdir. Görəsən, bunun əksi olsaydı, canlı aləmdə nə baş verərdi?

 

İki can bir can ola bilməz. Çünki hər can tək cücərir və tək də çürüyür.

 

Şairlərin çəkisini ölçmək qeyri-mümkündür. Çünki onların ağırlığı tərəzi ilə deyil, fəza ilə ölçülür.

 

Yelbeyin qələmdən çıxan ən qısa cümlə boşboğazlıq, qüdrətli qələmdən çıxan ən uzun roman yığcamlıq nümunəsidir.

 

Qırışıb qocalmış əllərim gənc və qaynar ruhumun ulu babasıdır sanki...

 

Savaşlardan, kin və küdurətdən doymadı insan; üstəlik Günəşlə Ayın arasına nifaq toxumu səpdi, onları biri-birinin üzünə həsrət qoydu.

 

Baxmayaraq ki, yoxdu, ölüb, anamı həddən ziyadə sevirəm, hərdən mənə elə gəlir ki, Peyğəmbəri o doğub...

 

İran, Azərbaycan, Türkiyə, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan –

mən bu məmləkətləri yeddi dövlətdən, yeddi millətdən irəli yeddi qardaş bilirəm.

 

Paradoks... bizim vaxtımızın əxlaqsızlığı indinin həyat tərzidir.

 

Dünya tarixində qara qulların gözəl-göyçək xanım dizlərinə baş qoyub şirin-şirin uyumağından mənfur epizod yoxdur, heç ola da bilməz.

 

Saz yeganə musiqi alətidir ki, onun tellərində səs gül kimi yumulur, gül kimi açılır.

 

Yaxşı ki, bizim gəncliyimizdə indiki “teledemokratiya” yox idi, yoxsa bu gününün şair və nasirləri o vaxtın şoumenləri olardı.

 

Mən ata deyiləm, insanam. Ona görə də ailəmdə hər kəsin özünü idarəetməsini öz ixtiyarına buraxmışam. Yeganə təsir imkanım səbirdir. Polad üzlü qılıncdan daha kəsərli, Tanrının özü qüdrətdə səbir!

 

Qız yükü – duz yükü...

Qız yükü –

dünyanın ən ağır

həm də

ən ucuz yükü!

 

İnsan tərbiyə olunmur, ya onu öldürməli, ya da səbir etməlisən. Allah ikinci yolu buyurub.

 

Vəhşi heyvanların yaşamaq məntiqi riyakar inteligentlərin  var olmaq meyarlarından min qat humanistdir.

 

Dünya bu imiş – zalım, amansız, düşük... Mən başqa cür bilirdim.

 

Ağlı başında olan adam dərdlərdən baş alıb qaçmaq üçün miniləsi at axtarır, mən isə hirsindən özü-özünü qapan itəm...

 

Atanın oğula, oğulun ataya möhtac olduğu cəmiyyətin dirəkləri qızıldan olsa belə, lənətə layiqdir.

 

Sənə diləyə gələnin son ümidini üzülməyə qoymayacaqsa, vəd ver. O anda verdiyin vəd verə biləcəyin sərvətdən də üstündür.

 

İnsan körpəlikdə ata-ananı, evlənəndən sonra oğul-uşağı, ölənə yaxın Allahı uydurur. Əslində o, bu dünyaya İsa Məsih kimi tək gəlib, tək də gedir.

 

Sənə, at ol desəm,

cilov gəmirərsən,

İt ol desəm, zəncir...

Adam ol, desəm sənə

dilimi yandırarsan

istiot-istiot,

canımı dalayarsan - 

əncir-əncir...

 

Ən müdrik valideyn - Aydı, bütün yaxşı və pis əməllərimizi görsə də, üstünü vurmur.

 

Özünəqədərki klassik şeirin ifadə imkanları baxımından ötən yüzilliyin 1930-1980-ci illər poeziyası (50 il!) gülünc və sadəlövhdür, (bəlkə də bəsit!), öz dövrünə görə ifrat ənənəvi və bir qədər peşəkar yenilikçi, çağdaş dəyərləndirmə açısından ortababdır. Nazim Hikmətin şeir dünyası isə dibindən süd arxları axan cənnət ağacı kimidir; müqəddəs, sabitqədəm, heç vaxt solmayan!

 

And olsun dünəndən gələn xatirələrin hənirtisinə, and olsun müəmmalı sabahların sirli köynəyinə ki, üz döndərib yaddan çıxardığınız doğmalara görə axirətdə cavab verməli olacaqsınız...

 

Ölüm olumdan əvvəl olsaydı, yenə də yer üzü boş qalmazdı, dünyanı xortdanlar basardı...

 

Yaşamaq ən ideal halda belə baş qatmaqdı...

 

Alın yazısının ən yaxşısı şöhrət deyil, davamı olandır...

 

Ölüm mücərrəddir, bizi qorxudan ağrıdır.

 

Yatmaq təbiətdə ən gözəl rahatlıqdır, yenidən oyanmaq şərti ilə.

 

Hamı haqqı qıraqda axtarır, halbuki, o hər kəsin öz içindədir.

 

Canlı təbiətin yalnız bir müəmması var – sabah!

 

Açarın yoxdursa, bağlı qapılar önündə gəbərəcəksən.

 

Kitab öləndə mən də öləcəyəm.

 

Dəfnimə bir kimsə gəlməsin; kitablardan başqa.

 

Gecələr küləklər əsəndə elə bilirəm qürbətdəyəm – sanki yırğalanan ağaclar hansısa anlamadığım əcnəbi dildə danışır...

 

Güclü adam vaxta uyğun olaraq həyatını yenidən başlayan adamdır.

 

Biri atdı, biri eşşək, mən həm də itəm!

 

Qismətdəkinə nail olmaq namus məsələsidir.

 

Ölməmək olmaz, tükənməmək mümkündür.

 

Xəbəriniz oldumu, siz məni oxumaya-oxumaya geri getdiniz, mən sizi oxuya-oxuya irəli getdim!

 

Əgər soruşsaydılar, xilas üçün daldalanmağa iki yer var – biri məbəd, o biri kitabxana, hansını seçirsən? Heç düşünmədən kitabxananı seçərdim. Ona görə yox ki, dinsizəm, ona görə ki, mən kitabam!

 

İnsanı başqa canlılardan ayıran tək bir fərq varsa, o da dildir. Çox da ki, adam kimi danışmır, amma kim deyə bilər ki, çanağı qırışlı beyinə bənzəyən tısbağanın ağlı yoxdur?!

 

Yatmaq iki cür olur – qarşıdan gələn sabaha qədər... və bir də əbədi!

 

Yaşamaq yatmamaqdır!

 

O vaxta qədər yatacaqsan ki, daha yatmayacaqsan.

 

Ən demokratik ölkə heç bir guşəsində tıxac olmayan ölkədir.

 

Allah, düşüncələrimə nar çiçəklərinin göyçəkliyini ver!

 

Yazıçı üçün ədəbi prosesi bilmək yaradıcı ruhdakı prosesi ifadə etmək üçün lazımdır.

 

Əziz adamların biri-birindən qopmağının səbəbi odur ki, insanın isti canı get-gedə soyuyur.

 

Ata haqqında təsəvvürlər fərqlidi; məsələn, mən doqquz yaşında itirdiyim atamın müqəddəs yoxluğundan hələ də güc alıram. Bununla belə, əlli səkkiz yaşımda hər gün oğlumu düz yola təhrik edir və onun qəlbini incidirəm. Belə olmasın deyə, gərək vaxtında öləydim. Gecdi. Heç olmasa Allah mənə insaf versin – atamın eşqinə...

 

Salamatlıqla ötən hər gün yola saldığın əziz dost kimidi, açılan hər yeni sabah qapını qəfil döyən, heç tanımadığın nabələd yolötən!...

 

Kimsə qazandığı pulları yığıb dəstələməyi xoşlayır, mən yazıb doldurduğum vərəqləri.

 

Mənə görə hər hansı şəkildə ölüm yazmamaqdan daha şərəflidi.

 

Bu məhlə çox gözəldi –

O üzdən ki, özəldi...

 

Sənə edilən ən böyük pislikləri dərhal unut,  sənə edilən ən xırda yaxşılıqlara min qat qiymət ver; ədalətli olmağın ilk şərti budur.

 

Yatmaq qərarı insanın, oyanmaq ixtiyarı Allahın əlindədir.

 

Qısa və yaxud uzun ömür boyu insan ən azı bir dəfə  anasını qəzəbləndiribsə, demək dünyada təmiz adam yoxdu.

 

Həyat elə hey insanı sınağa çəkir, elə bil ayrı işi-peşəsi yoxdu.

 

Pislərə pislik eləməyi bacarmıram, pislərə yazığım gəlir.

 

İnsan zatən dəyişmir, sadəcə qocalır. Xasiyyət isə süd və qan məsələsidir.

 

Qorxunun mənbəyində (kökündə) təcrübəsizlik dayanır.

 

Səbəbi anlaşılmayan təsadüfi ölümlər olur. Belə hallarda mənə elə gəlir ki, ölüm Allah əmri deyil, sadəcə Əzrail səlahiyyətlərini aşıb, özü bildiyini eləyir. Bu özbaşınalığa yol vermək olmaz!

 

Hətta mənim qədər iddiasız, dürüst, könlütox, təpədən-dırnağa sülh tərəfdarı olan bir bədbəxti də gözü götürməyənlər var... Belələrini nəinki mən, heç Allah da başa düşmür.

 

Həqiqəti demək məqamı gələrsə lalın da susmağa ixtiyarı yoxdur...

 

Heç kəs heç kəsdən asılı olmaq istəmir, amma bununla belə hamı kimdənsə asılıdır.

 

Tamahkar adam sözü də yeyər.

 

Kişilər bostan suyu üstündə bir-birinin üstünə yaba çəkir, xanımlar qeybət qırır, uşaqlar darvazama top çırpır, itlər hürür, toyuqlar həyətdə eşələnir, mənsə qalın kölgəli tut ağacının kölgəsinə çəkilib şeir yazıram.

 

Keçilməz dərin meşə qadına, nəhayətsiz yanar səhra kişiyə bənzər, heç birini sona qədər dərk etmək mümkün deyil...