Bu başlığı mənə “Dodaqdan qəlbə” romanı pıçıldadı

Bu ikicə kəlməlik pıçıltı kəsilər-kəsilməz, yeni-yeni sözlər, fikirlər, obrazlar qanadlandı duyğularımda - “Çalıquşu” kimi. Könlümə kədər ələndi - “Miskinlər təkkəsi”, “Xarabaların çiçəyi”, “Yarpaq tökümü” əsərlərindəki qəza-qədəriyyənin yüzdəbiri qədər. Düşüncələrimə sehranə işıqlar saçıldı - “Axşam günəşi” ilə “Göy üzü”ndəkilər sayaq. Hisslərimə alatoranə rənglər qatıldı - “Yaşıl gecə” və “Atəş gecəsi”ndəkilərə bənzər...

Və təbii - bu an bəsirəti gözlərimiz, heyrəti sözlərimiz, ədəbi-bədii həzzlərimiz önündə dipdiri həyat təki bir ədib canlandı - Rəşad Nuri Güntəkin!
Güntəkini dünya oxucusuna “...dillərdə dastan “Çalıquşu”nun məğrur və yoxsul müəllifi” təki də təqdim edirlər. Neyləsinlər, - pullu-paralı vəzifələri, əsl iş adamı fərasəti, fenomenal siyasi-ictimai zehniyyəti ola-ola, əllərini yalnız halallığa və kağız-qələmə uzatmış, 38 yaşında öz şagirdi Hədiyə xanımla evlənməli olmuş, 52 yaşında Ela adlı yeganə övlad səadətinə qovuşmuş, 62-sində mütəəssirlənə-mütəəssirlənə xatirə dəftərinə: “Ela qızım, mən uşaq ikən - sən yaşda olarkən səmadakı aya baxıb: “Ay dədə, Ay dədə, oğlun-qızın çoxdur, birini mənə versənə - deyərdim. - “Allah da sənə çox verər” deyə dua edərdim. Ay dədə məni eşitdi, uşaqlarının birini mənə verdi və “Adı Ela qız olsun”,- dedi. - Mənim qədər çox ömrü, mənimkilər qədər gözəl uşaqları olsun” yazmış bu qədər məşhuru “məğrur və ya yoxsul” kimi təqdim etməyin özü də bir istedadlı yanaşma, ədəbi-monoqrafik “priyom”.
19 romanından, 90-dan çox müxtəlif janrlı əsərlərindən qısıb-kəsdiyi macalları həmin o yeganə yavrucuğu ilə gəzintilərə sərf edən bu məşhur heç vaxt heç kəsə məsləhət, ağıl verməyə girişməyib. Eyzən səmadakı ulduzlarla danışıb, Füzulinin əsərlərindən, Allahı dərkdən, etika-estetikadan bəhs edib. Bütün başqalarından çox öz-özüylə, bir də 26 yaşında bu dünyada tək buraxdığı qızıyla əyanidən çox xəyaliyəbənzər söhbətlər etməyi xoşlayıb. Yan-yanaşı olsalar da, əsas müsahibləri Ay olub, ulduzlar olub, Günəş olub...
Əsərlərində qadın azadlığının da az qala həyati qədər gül açdığı bu bədii aləmlər yaradıcısı haqda Elanın xatirələri də maraqlıdır. Onun qeydlərindən biri atasının çox ciddi, hətta “mentalitet mücəssəmməsi” kimi də “damğa”layır: “Evimiz monastr kimi bir yer idi”...
Onun romanlara mövzu olası həyatından kiçicik bir -

Hekayətcik...

Hələ sağlığında “Türk ədəbiyyatının klassiki” adını almış R.N.Güntəkin 1889-cu ildə İstanbulda ordu zabiti Nuri bəy ilə Ərzurum valisi Yavər Paşanın qızı Lütfiyyə xanımın ailəsində anadan olub. Çanaqqala orta məktəbində oxuyub, İstanbul Universitetinin ədəbiyyat fakültəsini bitirib. 1927-ci ilə qədər məktəb və liseylərdə fransız və türk dillərindən dərs deyib. Daha sonra maarif müfəttişi vəzifəsinə təyin olunub, Çanaqqaladan Türkiyə Böyük Millət Məclisinə (1939-1946) üzv seçilib. Yaradıcılıq dünyasından ayrılmamaq naminə aktiv siyasətdən qaçmağa meylli olsa da, 1947-ci ildə Cümhuriyyət Xalq Partiyasının Ankarada çap olunan “Ulus” qəzetinin İstanbul qolunu - “Məmləkət” qəzetini nəşr etdirib. Sonra yenidən müfəttiş kimi çalışıb. Türkiyənin Parisdəki səfirliyində mədəniyyət attaşesi kimi də fəaliyyət göstərib. 1950-ci ildə Türkiyənin UNESCO-da təmsilçisi olub, 1954-cü ildə yaşı səbəbindən bu vəzifədən təqaüdə çıxıb.
Bir müddət İstanbul Şəhər Teatrlarının ədəbi şurasında fəaliyyət göstərib, ağciyər xərçəngi diaqnozuyla Londona müalicəyə yollanıb və 1956-cı il dekabrın 13-də orada vəfat edib.
Əlli səkkiz il əvvəl cismi o dünyaya gömülən bu qəlblər fatehinin ismi -

Bütün dünyaya yayılıb

Böyük yaradıcılığa, “sevgili yazıçı”lığa bir çoxlarından xeyli gec - 28 yaşında “Əski Ahbap” povestiylə başlayan R.N.Güntəkin teatr tənqidi və araşdırmaları ilə yanaşı, davamlı olaraq hekayələr yazır. 1922-ci ildə çap olunan “Çalıquşu” romanı yazıçıya böyük şöhrət gətirir.
Hekayələrində Anadolu həyatının hər iki üzünü - bütün mənfi-müsbətləri, satirik-yumoristikliklərilə əks etdirən yazıçının “Anadolu notları” adlı iki cilddən ibarət səyahət yazıları, habelə son dərəcə həyati, dinamik dramları onun çox analitik-alovlu publisist, qaynar-dramatik təfəkkür sahibi olduğunu da bəyan edir. Tərcümə etdiyi əsərlər isə ədibin yüksək zövqündən, elitar səviyyəsindən xəbər verir: M.Servantesin “Don Kixot”, A.Kamyunun “Yad”, E.Zolyanın “Həqiqət” romanları və s.
Güntəkin insanın daxili dünyasının ən gizli qatlarına baş vuran, onun hissi-psixoloji yaşantılarını çox real cizgilərlə təqdim edən ədiblərdəndir. O, öz qəhrəmanlarını mənsub olduğu xalqın içərisindən seçdiyi üçün geniş kütlələrin diqqət və marağını cəlb edib və etməkdədir. Axı o, Anadolu insanının baş atributlarından olan yoxsulluğu, məhkum edildiyi cahilliyilə yanaşı, onun təfəkküründə avropalılaşma ilə ilgili izləri də təcəssüm etdirib. Əsərlərində əsas konflikt kimi seçilmiş fərd və cəmiyyət qarşıdurması onun yaratdığı qəhrəmanların taleyini müəyyənləşdirən amillər kimi səciyyələnir.
Romanlarının bir qismini qəhrəmanlarının dilindən təsvir edən Rəşad Nuri öz üslubuna xas olan bu cəhəti özü daha maraqlı səciyyələndirir: “Mən qəhrəmanlarımdan birini alıb onun ağzından anlatmağa daha çox üstünlük verirəm. Həm bu zaman süjet pozulmaz, əhvalatı anladan qəhrəman vəhdəti mühafizə edər. Sonra bunun bir yaxşı cəhəti də vardır; sən romana məsuliyyətin mühüm bir qismini üstündən silib atmış olursan. Adətən bir romançının yaratdığı təsvir oxucuya soyuq gələ bilər, bir çox oxucular romançının bir adamı anlatmasını bəyənməyə bilər. Ancaq romanı qəhrəmanının dilindən anladarsanızsa, məsuliyyətin bir qismi sizdən ziyadə qəhrəmanın “görəv”inə çevrilər”.
Əsərlərinin dili ədəbi türkcənin ən mükəmməl örnəklərindən hesab edilən yazıçının dəst-xəttinə xas olan sadəlik və təbiilik, danışıq dili ilə ədəbi dilin məharətlə qovuşuğundan yaranan üslubunun özünəməxsusluğu onun hər qələm işində diqqəti çəkir. Bu haqda geniş bəhs açmağa lüzum yox. Nədən ki, Azərbaycan oxucuları onun “Çalıquşu”, “Dodaqdan qəlbə”, “Damğa”, “Yarpaq tökümü”, “Dəyirman” romanları və bir sıra hekayələrilə həm kitablardan, həm ekranlardan tanışdır.
Bu əbədi ədibin yaradıcılığında “Çalıquşu” romanı təbii ki (şəxsən mənimçünsə - “Dodaqdan qəlbə”!), xüsusi yer tutur. İlk dəfə teatr əsəri kimi işlənilmiş bu roman İstiqlal hərbi dönəmində geniş oxucu kütləsinin diqqət və marağına səbəb olub. Yazıçı bu əsərində Qurtuluş savaşı Anadolusunu çoxlu insanları və bölgələrilə birgə canlandırmağa çalışıb. Müəllif Fəridə ilə Kamranın sevgisi üzərində qurduğu sevgi fonunda Anadolu insanının daxili-mənəvi dünyasının mürəkkəbliklərini çox ustalıqla açıb və bu əsərilə “Türk ədəbiyyatında Əhməd Midhətdən sonra romana xüsüsi maraq oyandıra bilmiş” dəyərini qazanıb. Türkiyənin məşhur tənqidçi-alimlərindən Birol Emilin yazdığına görə, “Çalıquşu” romanı “Cümhuriyyət dövrü türk ədəbiyyatı, hətta yeni türk ədəbiyyatında nadir görülən bir şöhrət qazanmış, türk cəmiyyətinin oxuyub-yazan hər təbəqəsi tərəfindən sevilmişdir. Rəşad Nurinin sonrakı əsərləri bir növ “Çalıquşu”nun ulduzu altında doğulmuş kimidir”.
Dünya oxucuları arasında özlərini “Çalıquşu” səhifələrində Anadolunu gəzmiş hesab edənlər də var. “Dodaqdan qəlbə”, “Acımaq”, “Axşam günəşi”, “Kavak yelləri” və “Yarpaq tökümü”ndəki qəhrəmanların sevincləriylə sevinən, kədərləriylə qəmlənən, hətta “Atəş gecəsi” ilə bir insanın daxili dünyasına yolçuluğa çıxanlar da az deyil.
Əlavə etməmək olmur ki, ötən əsrin 60-70-ci illər Azərbaycan oxucularının dodaqlarında ən çox səslənən bir adlıq vardı: “Dodaqdan qəlbə”.
Elə mən də buna görə bu yazıda bu ölməz ədibi “Qəlbdən qələmə” formatında düşündüm və bu an sakitcə-samitcə xitablanıram: bəs siz necə, hörmətli “Çalıquşu”sevərlər?..

Tahir Abbaslı