İyulun 13-də Müasir İncəsənət Muzeyində “Azərbaycanın sehrli abidələri” kitabının təqdimatı keçirilib. Kitabın müəllifləri: sənətşünaslıq doktoru, Azərbaycan Memarlar İttifaqının məsul katibi Elçin Əliyev və onun oğlu, 10-cu sinif şagirdi Naib Əlizadədir.
Muzeyin direktoru Xəyyam Abdinov bildirib ki, Elçin Əliyev həmçinin Bakı və Azərbaycanın memarlığına həsr olunmuş bir çox nəşrlərin müəllifidir. Onun “Bakı memarlıq abidələrində fasad heykəltəraşlıq nümunələri”, “Məkanların Astanasında. Bakı tarixini yazan qapılar” kitabları Heydər Əliyev Fondu tərəfindən çap edilib.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Cəmilə Bağırova, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq rəssamı Ömər Eldarov kitabın nəşrinin uşaqlara dəstək baxımından gözəl təşəbbüs olduğunu söyləyiblər.
Müəllif Elçin Əliyev bildirib ki, kitabı nəşr etməkdə məqsəd gənc nəsli Azərbaycanın çoxsaylı memarlıq abidələri ilə tanış etməkdir. O, kitabda yer alan memarlıq abidələri haqqında yazılmış maraqlı hekayətlər müəllifi olduğunu söyləyib: “Azərbaycanı gəzib həmin abidələrin fotolarını çəkmişik və fotoların əsasında Əməkdar rəssam Nüsrət Hacıyev rəsmlərini işləyib”.
Rəssam Nüsrət Hacıyev kitabda ölkəmizin bütün guşələrində olan memarlıq abidələrinin əks olunduğunu söyləyib. Qeyd edib ki, illüstrasiyalarla yanaşı, bu abidələr haqqında dolğun məlumatlar verilir.
Təqdimatda Təhsil Nazirliyinin nəzdində fəaliyyət göstərən Bakı şəhəri Nizami rayon uşaq-gənclər yaradıcılıq mərkəzinin bədii kollektivi rəqs nömrələri ilə çıxış edib.