Sentyabrın 22-də Argentina Respublikasının ölkəmizdəki səfiri Karlos Dante Riva Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzində olub.
Mərkəzdən verilən məlumata görə, söhbət zamanı argentinalı müəlliflərin əsərlərinin tərcümə və nəşri ilə bağlı yeni layihələr müzakirə olunub.
Səfir Argentina uşaq yazıçısı Mariya Elena Uolşun “Qulubunun nağılları” və “Daylan Kifki” kitablarını, həmçinin Klaudia Pineironun “Kiçik uğur” əsərini Azərbaycan dilinə tərcümə və nəşr olunması üçün mərkəzin direktoru Afaq Məsuda təqdim edib.
İki ölkə arasında ədəbi-mədəni əlaqələrin möhkəmlənməsində ədəbiyyatlararası mübadilələrin xüsusi rolunu qeyd edən səfir bu kitabların Azərbaycan oxucusunun marağına səbəb olacağına əminliyini bildirib.
Qeyd edək ki, bu ilin mayında səfirliklə mərkəzin ilk birgə layihəsi olan Adolfo Bio Kasaresin “Morelin ixtirası” əsəri Azərbaycan dilində işıq üzü görüb.