Azərbaycanın Braziliyadakı səfirliyinin dəstəyi və Braziliya Mədəniyyət Nazirliyinin “Milli İncəsənət Fondu”nun (FUNARTE) təşkilatçılığı ilə Rio de Janeyro şəhərində Azərbaycanın Xalq yazıçısı, görkəmli dramaturq İlyas Əfəndiyevin portuqal dilində nəşr olunmuş “Seçilmiş əsərlər”inin təqdimatı keçirilib.
Səfirlikdən verilən məlumata görə, mərasimdə FUNARTE-nin prezidenti Guti Fraqa Azərbaycanın tanınmış yazıçısının əsərlərinin portuqal dilində nəşr edilməsinin vacib mədəni hadisə olduğunu, kitabın Braziliya oxucusuna Azərbaycan ədəbiyyatı ilə tanış olmaq imkanı yaratdığını deyib.
Ölkəmizin Braziliyadakı səfiri Elnur Sultanov Azərbaycan Prezidenti İlham Əliyevin yazıçının 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalandığını qeyd edib, dramaturqun yaradıcılığı barədə məlumat verib.
“İncəsənət şəhəri” mərkəzinin prezidenti Emilio Kalil Azərbaycanın qədim tarixi və zəngin mədəniyyəti ilə tanış olduğunu deyərək, kitabın Braziliyada maraqla qarşılanacağına əminliyini bildirib.
Sonra braziliyalı teatr aktyorları ədibin “Sən həmişə mənimləsən” pyesindən parçanı portuqal dilində oxuyublar.