“Şeir mənim balam, mənim bəlamdır,
Sənət - basılmayan məğrur qalamdır”...


Bəs biz sən haqda nə yazaq, - təxəllüsünü sahilində əbədi məskunlaşdığımız Xəzərimizdən əxz etmiş Nəbi Xəzri?! Sənin doxsan yaşını necə salam-kəlamlayaq, - təbiətin dilsiz-dibsiz dərələrinə “Sevdiyiniz ağaclar küknarmıdır, şammıdır? Sizdən qalxan dumanlar dağlara salammıdır?” - deyib getmiş həmişəyaşar şair?!

Ey bizim böyük Qələm aləmlərimizdən biri! Biz səni səndən bir dövr öncəki Qılınc qəhrəmanımıza - dağlarımızda at oynatmış Qaçaq Nəbiyə bənzədərdik. Deyərdik, “o qılınclının bığları eşmə-eşmə, bu qələmlinin sözləri seçmə-seçmə”. O, igidliyilə elinə-elatına həyan olub, bu, istedadıyla məmləkətimizin qəlbini dünyaya bəyan edir. Ancaq elə ki sən də sözün “indiki zaman”ından çıxıb “keçmiş zaman”ına düşdün, - biz də belə bir zikrvarı fikrə düşdük: Baba-Nəbi bu dünyanı Boz at yəhərində tərk etdi, nəvə-Nəbi yaz-yarat təhərində...

Belə ki...

Belə ki, sizin kimilər tarixi hərəkət-bərəkətsiz, başına-boşuna keçməkdən xilas edənlərdir. Sizlərin işləriniz, əməlləriniz qüdrətdən yaradılmışlara bəşər əlavələridir ki, bu seçkin fərdlərdən biri də Vətənimizə -

Sən günəş, mən isə bir zərrə kimi -
Diriykən oğlunam, ölsəm - torpağın.
Sən ki döyündürdün mənim qəlbimi -
Sən uca çinarsan, mənsə yarpağın.
Mənəm sənin özün, ey eşqim-canım,
Sənsən özüm mənim - Azərbaycanım!-

deyən Sən! Paytaxtımızın lap yaxınlığında - Xırdalan kəndində doğulub Nəbi adını aldın. İyirmi yaşına çatar-çatmaz, nə kəndinə sığışdın, nə soyadına. O vaxtadək Xəzərin gilavarıyla mehlənib, xəzrisiylə sərinlənən milyonlara qoşular-qoşulmaz, zövqalanlar qismindən seçilib, günü-gündən məşhurlaşan zövqverənə - Nəbi Xəzri isminə çevrildin. Gah həlim, gah fırtınalı təxəllüs “adaş”ının - Xəzərin “qovğalı dalğalar”ını pıçıl-pıçıl pıçıldaşdırdın. Yaşın on yeddiyə yetməmiş istehsalata, on səkkizə çatmamış müharibəyə getdin. 1943-cü ildə yaralanıb tərxis olunsan da, doğma vətənə sapsağlam bir yaradıcılıq ruhu ilə qayıtdın. Elə həmin ildən müharibənin sonunadək “Kommunist” qəzeti redaksiyasında korrektor, sonralar sədr müavini seçiləcəyin Azərbaycan Radiosunda diktor işlədin. Öz xidmətlərin, gözəl yaradıcılığın, SSRİ və Azərbaycan SSR Dövlət mükafatları, Xalq şairi təltifatlarınla “10 dekabr 1924-cü il” tarixçəsini milli yaddaş salnaməmizə köçürdün.
Həyətdən işgüzar həyata, həyatdan ədəbiyyat əbədiyyətinə aparan -

Sağ-sollu yollar...

Gənc fərd Nəbi böyük ictimai-xəlqi XƏZRİliyə doğru çox iri və təəccüb doğuracaq qədər diri addımlarla irəlilədi. Ali təhsil körpüsündən keçməli olan bu yol çox “sağ-sol”a yönlənib: 1945-dən 1952-yə qədər onun adı iki universitet, bir institut jurnalına yazılıb, öz şair ürəyi başında üç tələbə bileti daşıyıb. 1945-47-də Azərbaycan Dövlət Universiteti (BDU), 1947-49-da Leninqrad (Sankt-Peterburq) Dövlət Universiteti, 1949-50-ci illərdə Maksim Qorki adına Dünya Ədəbiyyatı İnstitutu.
Sonuncu ali məktəbi bitirdiyi gündən 1957-ci ilədək Azərbaycan Yazıçılar İttifaqında məsləhətçi işləyib. Müasirlərinin söyləmələrinə görə, onun məsləhətlərilə istedad “külçə”ləri yonula-yonula parlayıb ədəbiyyat evimizə işıq saçanlar da olub, pedantlıq kələfləri açıla-açıla bu əbədiyyət evindən qələm atıb qaçanlar da.
Növbəti iki ildə “Ədəbiyyat və incəsənət” qəzetində ədəbi işçi, ardınca Yazıçılar İttifaqının katibi vəzifəsində çalışan bu özəl-gözəl sənətkarımız 1965-71-ci illərdə “zirvələrə-süftələr” dövrünə başlayır. Öncə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsi sədrinin müavini, sonra respublika mədəniyyət nazirinin müavini. Daha sonra Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyəti Rəyasət Heyətinin sədri vəzifəsinə təyin edilən Nəbi Xəzri 1992-ci ildə “Azərbaycan Dünyası” Beynəlxalq Əlaqələr Mərkəzi adı ilə fəaliyyət göstərən həmin təşkilatın prezidenti seçilir.
Çox vəzifələrə təyin edilib-seçilən Nəbi Xəzri həm də əhatəsindəkilərdən seçilir, bütün baxış-nəzər rakurslarından görünürdü. Özü də tək elə dünyamıza misra-misra baxışlarıyla deyil, “sözü göz içinə” çıxışlarıyla da. Məsələn?
...İsmayıllı rayonundakı kəndlərdən birində “bağ belə-bostan belə” motivli sovet dastanı söyləyən kolxoz sədri “büdcəmizdəki məbləğə görə də rayon üzrə başda gedirik!” deyib, hörmətli qonaqdan məmnun baxış, sürəkli alqış gözləyirkən, qarşısında boy-boya dayanmış kənd adamlarının üst-başlarına baxdıqca qaşları düyünlənən Nəbi Xəzrinin tonallıqca asta, zəhmcə ağır və usta sözlərini eşidir: “Başda gedən o məbləğlə nöşün bu kolxozçuların cırıq ayaqqabılarını da yamatdırmırsız?!”

Altmış il...

Düz altmış il yarada-yarada - sevən könülləri, “bir-birinin yarısı olan” yarları yarıdan könül...
Bu könülün hansı ilməsindən başlayıb, hansı notunda qurtara, hankı gülünü gülləyib, hankı ladını tutasan ki, özü demişkən “Allaha xoş, bəndəyə meyxoş” olsun? Saysız mahnı mətnləri içərisindən hansını seçib oxucu-dinləyicilərimizin zövq “konkurs”undan keçirəsən? Bəlkə dağlardan da ucaladığı “Dərələr”ini? Hə! Çünki klassik şairlərimiz, aşıqlarımız əsasən dağlar haqda yazıblar: hərəsinin ayrıca bir dağ obrazı, “dağ qardaşı”, dağ sirdaşı var onların. Dərələr haqda - aşağılıq ehtiva edən dərinliklər barədə isə bu “şəhər balası”ndan yaxşı deyən bir “kəndçi balası” tanımam!

Çinarlar qatar-qatar,
Qalxıb zirvəyə çatar,
Dağa qısılıb yatar,
Mışıl-mışıl dərələr,
Yaşıl-yaşıl dərələr...

Quş kimi üstünüzdən
Qanad çalım, dərələr!
Şamlıqda bir axşamlıq
Qonaq qalım, dərələr!

Deyirəm, pir olmuş şair bunu bəlkə də hansısa bir poetik səhərdə, axşamda və ya sentimental bir gecədə yazıbmış və sanki məsələni başa vurub durubmuş. Ancaq haçansa - hansısa bir melodik günün axşamındamı, səhərindəmi nur olmuş ustad müğənnimiz Şövkət xanım Ələkbərova bu sözləri avaza çəkib bizi yaman havalandırdı. Və bu “Məlikməmməd”i mahnının “yandım, çəkin!” dəmində şairin növbəti bir yanğılı şeirilə alovlandırdı bizi:

Əgər ki yıxılsam, çinar göstərin -
Mən ona söykənib arana baxım.
Gözlərim görməsə, Göygölü verin,
Mən onun gözüylə cahana baxım.
Hər yerdə, həmişə sənsən gümanım -
Canım-gözüm mənim - Azərbaycanım!

Deyirəm, bu misralardan sonra “İllər və sahillər”, “Ulduz karvanı”, “Nəsillər-əsrlər”, “Ağ şimşəklər”, “Ömür çinarından yarpaqlar”, “Əsrin qanlı laləsi” kitablarını, “10 dəqiqə poeziya”, “Çiçəklənən Abşeron”, “Zirvə buludu”, “Şeir mənim üçün bir kainatdır”, “Nəbi Xəzri”, “Şeirin xəzrisi” kimi kino-telelentlərdən ibarət filmoqrafiya xonçasını da yada salaq.
Hə, hörmətli qəlb qalibləri, ruhumuzu poeziya üstdə kökləmişkən, şairin “Şeir nədir mənimçün” şeirindən yeddi misranı da xatırlayaq:

Şöləsi olsa da neçə min sirrin,
Şeirsiz günlərim zülmət axşamdır.
Alnımda şırımı mirvari tərin
Ömrüm də şeirlə əriyən şamdır.

Hicranı acıdır, əzabı şirin,
Şeir mənim balam, mənim bəlamdır.
Balamdır, qalamdır, bir də inamdır!..

...Deyirəm, bu misralardan sonra daha nə deyəsən?..

Tahir Əhmədalılar