Sentyabrın 30-da Azərbaycan Milli İncəsənət Muzeyində Ukraynanın Taras Şevçenko adına Milli Muzeyi ilə əməkdaşlıq barədə niyyət protokolunun imzalanması mərasimi keçirildi.

Tədbirdə çıxış edən Mədəniyyət və Turizm Nazirliyinin Muzey işi və mədəniyyət sərvətlərinə nəzarət sektorunun müdiri Azadə Hüseynova Azərbaycan Milli İncəsənət Muzeyinin fəaliyyəti haqqında danışdı. Bildirdi ki, muzeyin 80 illik yubileyi ərəfəsində belə bir protokolun imzalanması əlamətdar hadisədir. Protokol birgə əməkdaşlıq, iş təcrübəsi üçün səmərəli şərait yaradacaq və muzey əməkdaşlarının təcrübə mübadiləsi hər iki tərəf üçün əhəmiyyət kəsb edir.
Ukraynanın Azərbaycandakı səfiri Aleksandr Mişenko müharibələr və hərbi münaqişələr zamanı məhv edilən abidələr, insanların incəsənətə marağı barədə fikirlərini bölüşdü. Arzu etdiyini bildirdi ki, hərbi sahəyə xərclənən böyük vəsaitlər kaş mədəniyyətə, sənətə sərf olunaraq sülhə xidmət edəydi.
Milli İncəsənət Muzeyinin baş mühafizi Nailə Rəhimova bu incəsənət məkanının yaranma tarixi və eksponatlar haqqında qonaqlara məlumat verdi.
Daha sonra çıxış edən Ukraynanın Taras Şevçenko adına Milli Muzeyinin baş direktoru Dmitri Stus bildirdi ki, imzalanacaq protokol muzeylər arasında əməkdaşlıqda yeni mərhələyə zəmin olacaq. Qarşılıqlı əlaqələr bizi bir-birimizə yaxın edəcək və muzey işi sahəsində təcrübələrimizi bölüşməyə imkan yaradacaq. Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, professor Çingiz Fərzəliyev isə imzalanacaq sənədin elmi tədqiqat işi, iş təcrübəsi mübadiləsi, birgə sərgi layihələrinin hazırlanması, həmçinin muzeylərin fəaliyyəti haqqında informasiyanın, elmi-metodiki ədəbiyyatın mübadiləsi sahəsində əməkdaşlıq üçün yeni bir səhifə açdığını vurğuladı.
Tədbir muzey direktorları tərəfindən əməkdaşlıq barədə niyyət protokolunun imzalanması ilə sona çatdı.

Lalə