Çexiya Milli Kitabxanasındakı Azərbaycana aid qədim əlyazmaların kataloqu da hazırlanacaq

Çexiya Milli Kitabxanasındakı Azərbaycana aid qədim əlyazmaların kataloqu da hazırlanacaqSentyabrın 30-da Çexiya Milli Kitabxanasının direktoru Petr Kroupa Azərbaycan Milli Kitabxanasında olub. Milli Kitabxananın direktoru professor Kərim Tahirov qonağa kitabxana haqqında ətraflı məlumat verib. Bildirilib ki, kitabxana həm də milli mətbuatın arxiv fondunun yaradıcısıdır və respublikanın kitabxanaları üçün metodik mərkəz rolunu oynayır.
Petr Kroupa Çexiya Milli Kitabxanasının fondunda Azərbaycana aid ədəbiyyatın qorunduğunu diqqətə çatdıraraq gələn il Praqada Nizami Gəncəvinin əsərlərindən ibarət sərginin təşkil olunmasını təklif edib.
Öz növbəsində K.Tahirov həmin sərginin 2017-ci ilin sentyabrında keçiriləcək V Bakı Beynəlxalq kitab sərgi-yarmarkası ərəfəsində Azərbaycan Milli Kitabxanasında nümayiş olunmasını təklif edib.
O, həmçinin Çexiya Milli Kitabxanasında qorunan Azərbaycana aid qədim əlyazmaların, Azərbaycan klassiklərinin əsərlərinin kataloqunu Azərbaycan, çex və ingilis dillərində çap olunmasını təklif edib və P.Kroupa bu təşəbbüsü dəstəkləyib.
Qonaq Milli Kitabxananın yeni layihəsi olan “Açıq kitabxana” ilə tanış olub, belə bir layihənin Praqada da həyata keçirilməsinin vacibliyini vurğulayıb.