Xəbər verdiyimiz kimi, “Ruh” Jurnalistlərin Müdafiəsi İctimai Birliyi Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “İnformasiya müharibəsi şəraitində cəmiyyətin sağlam mənəvi-psixoloji hazırlığına dəstək” layihəsini həyata keçirir.
Layihə üzrə “Müharibənin informasiya cəbhəsi: mövcud durum və perspektiv vəzifələr” mövzusunda növbəti dəyirmi masa sentyabrın 29-da Şəmkirdə təşkil olunub.
“Ruh” Jurnalistlərin Müdafiəsi İctimai Birliyinin sədri Əvəz Rüstəmov layihənin məqsəd və vəzifələri barədə məlumat verib.
Şəmkir Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin sektor müdiri Ruhid Hacıyev, layihənin eksperti Seymur Verdizadə və digər çıxış edənlər layihənin aktuallığını qeyd ediblər. Çıxışlarda milli təhlükəsizliyin vacib elementi olan informasiya təhlükəsizliyi sahəsində görülən tədbirlərə ictimai dəstək göstərilməsinin zəruriliyi vurğulanıb.