Oktyabrın 6-da Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) Opera studiyasında Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, BMA və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycan musiqisində multikultural dəyərlər” mövzusunda elmi-praktik konfrans keçirildi.

Tədbiri giriş sözü ilə açan Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli qeyd etdi ki, Azərbaycan çoxmillətli ölkə olduğundan zəngin multikultural dəyərlərə sahibdir. Cəmiyyətimizdə olduğu kimi, musiqimizdə də multikultural dəyərlərə keçmişdə də, bu gün də daim diqqət yetirilib. Xalqımız başqa xalqlara, onların dini inanclarına, musiqisinə hörmətlə yanaşıb, mədəniyyətini, musiqisini öyrənib.
Bilik Fondunun icraçı direktoru Oktay Səmədov bildirdi ki, qurumun əsas fəaliyyət istiqamətlərindən biri mədəniyyət sahəsində maarifləndirmə işidir. 2016-cı ilin Azərbaycanda “Multikuturalizm ili” elan edilməsi ilə bağlı Bilik Fondu tərəfindən bu mövzuda maarifləndirici tədbirlər, konfrans və dəyirmi masalar təşkil edilib. “Azərbaycan musiqisində multikultural dəyərlər” mövzusunda elmi-praktik konfrans da bu qəbildəndir.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Analitika şöbəsinin müdiri Rəşad İlyasov ölkəmizdə çoxmədəniyyətliliyin tarixi köklərindən danışdı.
Sonra Bakı Musiqi Akademiyasının professoru, Əməkdar incəsənət xadimi Tariyel Məmmədov “Musiqinin tədrisində multikultural meyllər”, akademiyanın professoru, sənətşünaslıq elmləri doktoru Mina Hacıyeva “Azərbaycan musiqisi və multikulturalizm”, Azərbaycan Milli Konservatoriyasının elmi işlər üzrə prorektoru, sənətşünasıq üzrə fəlsəfə doktoru Lalə Hüseynova “Musiqi elmində multikultural dəyərlər”, konservatoriyanın professoru, sənətşünaslıq doktoru Abasqulu Nəcəfzadə “Azərbaycan çalğı alətləri multikultural kontekstdə” mövzusunda məruzə ilə çıxış etdilər.
Müzakirələrdən sonra konfrans bədii hissə ilə davam etdi.

Savalan Fərəcov