AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində tariximizdəki sənayeləşmə prosesinin Azərbaycan ədəbiyyatında bədii əksinə həsr olunmuş seminar-məşğələ keçirilib. Seminarda fəlsəfə doktoru Natəvan Mustafayeva, Nəzmiyyə Yigitoğlu, elmi işçilər Kəmalə Nuriyeva, Tutu Məmmədova, Törəxanım Hüseynova və başqalarının çıxışları dinlənilib.
Bildirilib ki, ədəbiyyat bütün dövrlərdə tarixi hadisələrin işığında yaranıb. Bu baxımdan sovet dövründə görkəmli yazıçılar Mehdi Hüseyn, İlyas Əfəndiyev, İsa Hüseynov, İsmayıl Şıxlı, Mövlud Süleymanlı və başqalarının yaratdığı ədəbi nümunələr diqqəti cəlb edir.
Çıxışlarda yazıçı Vidadi Babanlının ötən əsrin 60-cı illərində yazdığı “Həyat bizi sınayır” povesti və “Vicdan susanda” romanından ətraflı söz açılıb. Povestdə yeni sənaye şəhəri Sumqayıtda boru prokatı zavodunda çalışan fəhlələrin həyatından, “Vicdan susanda” romanında isə gənc alimin kimya sənayesinə töhfə vermək üçün çalışmalarından, bu yolda qarşılaşdığı problemlərdən bəhs edilir.