Qazaxda Tarix-diyarşünaslıq muzeyi, Ağstafada Musiqi və Mədəniyyət mərkəzləri

Son dövrlərdə bölgələrdə müasir tipli yeni mədəni infrastruktur yaradılır. Bu, özünü mövcud mədəniyyət və incəsənət obyektlərinin yenidən qurulmasında və yenilərinin inşasında aydın göstərir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 19-da Qazax və Ağstafaya səfəri zamanı hər iki rayonda həyata keçirilən infrastruktur layihələri, yeni müəssisələrin fəaliyyəti ilə tanış olub, həmçinin yeni mədəniyyət ocaqlarının açılışında iştirak edib.

Prezident Qazax rayonunda Tarix-diyarşünaslıq muzeyinin yeni binasının açılışını edib.
Məlumat verilib ki, 1984-cü ildə yaradılan muzey müasir tələblərə cavab verməyən birmərtəbəli binada fəaliyyət göstərirdi. Yeni binanın inşasına 2015-ci ilin noyabrında başlanılıb. Muzeyin ikimərtəbəli binasında rayonun təbiətini və tarixini əks etdirən 2450 eksponat mühafizə olunur.
Binanın birinci mərtəbəsində ümummilli lider Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətini əks etdirən fotolardan ibarət guşələr yaradılıb. Həmçinin bu mərtəbədə muzey barədə ümumi məlumat, təbiət, arxeologiya, qədim Daş dövrü, orta əsrlər və s. bölmələr var.
Muzeyin ikinci mərtəbəsində “Qazax xalça məktəbi”, “Etnoqrafiya və folklor”, “Qazax XIX-XXI əsrin əvvəllərində”, “Səməd Vurğun”, “Görkəmli şəxsiyyətlər”, “1929-1990-cı illər”, “Azərbaycan XXI əsrdə” bölmələri yaradılıb. Burada Qazaxın qədimdən bu günədək keçdiyi inkişaf yolu, təbiəti, mədəniyyəti, adət-ənənəsi, məişəti, tanınmış insanları haqda maraqlı məlumatlar və eksponatlar toplanıb. Binanın mansardında isə konfrans zalı, kitabxana, mətbəx və kafe yaradılıb.
* * *
Prezident Ağstafaya səfəri çərçivəsində əsaslı şəkildə yenidən qurulan Heydər Əliyev Mərkəzində yaradılan şəraitlə tanış olub. Burada yaradılan 400 yerlik akt zalında rayon əhəmiyyətli mühüm tədbirlərin keçirilməsi üçün şərait yaradılıb. Mərkəzdə nikah mərasimləri üçün otaq, memarlıq, incəsənət, reklam, xalçaçılıq studiyaları fəaliyyət göstərəcək. Ekoturizm, uşaq yaradıcılığı və informasiya mərkəzləri, rəqs studiyası, rəsm qalereyası və dil kursları da yaradılıb. Kiçik kino zalı da rayon sakinlərinin ixtiyarına veriləcək.
* * *
Dövlət başçısı Ağstafa şəhərində Musiqi mərkəzinin açılışında iştirak edib.
Mərkəz 1970-ci ildə yaradılıb və bu vaxtadək şəhər 1 saylı tam orta məktəbin yardımçı və təsərrüfat otaqlarında fəaliyyət göstərib. Yeni binada zəngin musiqimizin, musiqi alətlərimizin sirlərinə dərindən yiyələnmək üçün hərtərəfli şərait var. Zövqlə tikilən binada işlərin keyfiyyətlə həyata keçirilməsinə xüsusi diqqət yetirilib. Binanın ətrafında geniş abadlıq və yaşıllaşdırma işləri görülüb, ətrafda park salınıb, açıq konsert meydançası yaradılıb, ərazinin suvarılması və işıqlandırılması sistemləri quraşdırılıb.
Qədim musiqi aləti olan ud formasında inşa edilən mərkəzin 300 şagird yerlik binası 3 mərtəbədən ibarətdir. Yeni binada 39 sinif, qrup və məşğələ otağı var. Burada xor zalı, kitabxana və mətbəx-kafe də şagirdlərin ixtiyarına veriləcək.
Prezident İlham Əliyev mərkəzdə yaradılan şəraitlə tanış olub.
Dövlətimizin başçısına məlumat verilib ki, hazırda Ağstafa şəhər Musiqi mərkəzində 90 müəllim çalışır və 269 şagird təhsil alır. Burada təhsil müddəti 5 və ya 7 ildir. Təhsil ocağında 400 yerlik müasir konsert zalı yaradılıb. Mərkəz yeni musiqi alətləri və inventarla təchiz edilib.
* * *
Prezident Ağstafa rayon Mədəniyyət mərkəzində əsaslı təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə də tanış olub.
Dövlət başçısına məlumat verilib ki, Mədəniyyət mərkəzinin yerləşdiyi bina 1950-ci ildə inşa edilib. Ötən müddətdə binada əsaslı təmir işləri aparılmadığından tikili köhnəlib və qəzalı vəziyyətə düşüb. Prezident İlham Əliyevin 2014-cü il 30 iyun tarixli sərəncamı ilə başlanan əsaslı təmir işləri nəticəsində bina tamamilə yenilənib. Yenidənqurma və təmir işləri 2015-ci ilin dekabrında başa çatıb. Mərkəzin əsas tamaşa salonu tamamilə yenilənib və genişləndirilərək 220 yerlik olub. Salonda müasir oturacaqlar quraşdırılıb və yüksək standartlara uyğun səhnə yaradılıb. Burada kafe, inzibati, yardımçı otaqlar və qrim otaqları, həmçinin kitabxana fəaliyyət göstərir. Mərkəzin yerləşdiyi Eyvaz Qələmçəli və Nüsrət Kəsəmənli küçələrində əsaslı təmir işləri aparılıb.