Sərgidə erməni təxribatının qarşısı alınıb

Oktyabrın 19-da Almaniyanın Frankfurt-Mayn şəhərində dünyanın ən böyük kitab sərgisi sayılan Frankfurt beynəlxalq yarmarkası işə başlayıb. Tədbirdə ölkəmizi mədəniyyət və turizm nazirinin birinci müavini Vaqif Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edir.

Mədəniyyət və Turizm Nazirliyi hər il xarici ölkələrdə keçirilən müxtəlif kitab sərgilərinin iştirakçısı olur, Azərbaycan nəşrlərini dünyada təqdim və təbliğ edir. Bu sırada Frankfurt yarmarkası nüfuzu, miqyası, iştirakçı və ziyarətçi sayı ilə xüsusi yer tutur. Ötən illərdə nazirliyin xətti ilə ölkəmiz bu sərgidə uğurla təmsil olunub, milli stendimiz çoxlu ziyarətçi cəlb edib.
Builki sərgidə 56 kvadratmetr sahədə qurulan Azərbaycan stendi xüsusi dizaynı ilə seçilir. Stendimizdə ölkəmizin tarixi, mədəniyyəti, müasir inkişafı, ədəbi nümunələrimizlə bağlı nəfis nəşrlər, digər çap məhsulları, ayrı-ayrı nəşriyyatların kitabları nümayiş olunur.
Oktyabrın 22-də Azərbaycan stendində Prezident İlham Əliyevin müvafiq sərəncamına əsasən 2016-cı ilin “Multikulturalizm ili” elan edilməsi ilə bağlı tədbir keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycanın Almaniyadakı səfirliyinin təşkilatçılığı ilə gerçəkləşəcək tədbirə müxtəlif ölkələrdən qonaqlar da qatılacaq.
Oktyabrın 24-dək davam edəcək sərgi müddətində stendimizdə nəşr məhsullarının nümayişi ilə yanaşı, işgüzar görüşlərin də keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, Avropada kitab sərgi mədəniyyətinin tarixi hələ XVI-XVII əsrlərdə təşkil olunan Frankfurt və Leypsiq yarmarkalarından başlayır. 1949-cu ildən ənənəvi olaraq keçirilən Frankfurt yarmarkası dünyanın ən nəhəng kitab sərgi-yarmarkası hesab olunur. Ümumi ekspozisiya sahəsi 170 min kvadratmetrdən çox olan yarmarkaya hər il 100-dən çox ölkə qatılır. Builki yarmarkanın fəxri qonağı Niderland Krallığıdır.
Onu da qeyd edək ki, bədnam qonşularımızın, digər bu qəbil tədbirlərdə olduğu kimi, Frankfurt yarmarkasında da təxribata əl atmasının qarşısı alınıb.
Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədovun sözlərinə görə, hər il olduğu kimi, bu sərginin açılışında da Azərbaycanın haqlı mövqeyinə, tarixinə zidd təbliğat cəhdlərinin qarşısının alınması məqsədilə Ermənistan stendi nəzərdən keçirilib.
Stenddə tarixi Azərbaycan və Türkiyə torpaqlarının Ermənistan ərazisi kimi göstərildiyi xəritələr barədə ölkəmizin Almaniyadakı səfirliyinə məlumat verilib. Məsələ ilə bağlı yarmarkanın Təşkilat Komitəsi ilə Azərbaycan stendində görüş keçirilib, Azərbaycan tərəfinin etirazı komitənin diqqətinə çatdırılıb: “Bu kimi halların təkrarlanmaması üçün erməni tərəfinə lazımi xəbərdarlığın olunması və digər işlərin görülməsi xahiş edilib. Azərbaycan tərəfinin haqlı etirazına əsasən qeyd olunan xəritələr erməni stendindən yığışdırılıb”.
Şöbə müdiri əlavə edib ki, səfərdən öncə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Frankfurt yarmarkasının Təşkilat Komitəsinin rəhbərinə Qarabağ məsələsi ilə bağlı məktub göndərilib: “Sərginin növbəti günlərində belə təxribatların davam edəcəyi istisna olunmur, lakin bu məsələ həm nazirliyin, həm də Azərbaycanın Almaniyadakı diplomatik nümayəndəliyinin əməkdaşları tərəfindən diqqətdə saxlanılacaq”.