Dekabrın 17-də Yazıçılar Birliyinin “Natəvan” klubunda Xalq yazıçısı Anarın “Göz muncuğu” kitabının təqdimat mərasimi keçirildi.
Tədbiri Yazıçılar Birliyinin katibi Rəşad Məcid açaraq povestin insan xatirəsinin fərqli tərəflərini anlamağa, ən dərin qatlara enib gizlinləri görməyə kömək edəcəyini bildirdi. Qeyd edildi ki, əsər bir insanın daxili portretini əks etdirir. Tədbirdə çıxış edən Milli Məclisin deputatı, yazıçı Hüseynbala Mirələmov, filologiya elmlər doktoru Himalay Qasımov, Yazıçılar Birliyinin Moskva bölməsinin sədri, professor Tofiq Məlikli və başqaları kitab haqqında fikirlərini bölüşdülər.
Bildirildi ki, insan xislətinin fərqli tərəflərinin əks etdirildiyi kitabda oxucu müəllifin insan və zaman anlayışının, həyat situasiyalarını hər dəfə müxtəlif çalarla təqdim etməsinin və hər dəfə də öz qəhrəmanına “azarkeşliyinin” şahidi oluruq.
Kitabda əks olunan insan xisləti, yaman göz, kin, paxıllıq, həsəd məsələləri İbn Sinadan, Konfutsidən bu yana bir çox alimlərin, yazıçıların, şairlərin müraciət etdiyi, lakin aça bilmədiyi bir müəmmadır. İnsanın daxilində xeyir və şərin daimi mübarizəsi gedir. Güclü xarakterə malik olan insan şərə qalib gələ bilir.
Çıxış edənlər kitabın gənc nəslin tərbiyəsində, düşüncəsində mühüm rol oynaya biləcəyini də dilə gətirdilər.
Sonda çıxış edən müəllif iştirakçılara təşəkkürünü bildirdi, oxucuların suallarını cavablandırdı.
“Göz muncuğu” kitabı Yazıçılar Birliyinin “AYB kitab” layihəsi əsasında “Yazıçı” nəşriyyatında çap olunub.

L.Azəri