Oktyabrın 25-də Azərbaycan İstiqlal Muzeyində Azərbaycanın ilk sərhədçi generalı Mustafa Nəsirovun 95 illiyinə həsr edilmiş tədbir keçirildi.
Tədbiri muzeyin direktoru Fəridə Şəms açaraq generalın bioqrafiyasından danışdı. Qeyd etdi ki, Mustafa Nəsirov 1921-ci ildə qədim Dərbənddə dünyaya göz açıb, orada əvvəlcə pedaqoji təhsil alıb. Azərbaycan tarixini, ədəbiyyatını öyrənib. Fiziki cəhətdən hazırlığı, geniş dünyagörüşü diqqəti cəlb etdiyi üçün 1942-ci ildə Saratov Sərhəd İnstitutuna göndərilir. Ölkədə müharibə getdiyi üçün üçillik kursu doqquz aya başa vurur və göndərişlə Orta Asiya Sərhəd Dairəsində xidmətə başlayır.
Beləcə pedaqoq, döyüşçü Mustafa Nəsirov sərhədçi zabit olur. Hərbi xidmətdə sonrakı yolu Zaqafqaziya Sərhəd Dairəsindən keçir.
Dövlət Sərhəd Qoşunlarının şöbə rəisi, polkovnik Elşən Rəhimov çıxış edərək generalın hərbi xidmətlə bağlı qələmə aldığı xatirələrindən birini diqqətə çatdırdı. General Mustafa Nəsirov xatirələrində yazır: “Qırğızıstanın Oş şəhərində qulluq edərkən şəxsi heyətimiz dörd nəfərdən ibarət idi. Burada bir müddət sonra Frunze (indiki Bişkek) şəhəri İcraiyyə Komitəsində komendantı oldum. O dövr üçün çox məsul vəzifə idi. Amma oxumaq, öyrənmək həvəsim azalmamışdı... O zaman polkovnik Yeqorov sənədlərimi Moskvadakı Hərbi Akademiyaya verməyi məsləhət gördü. Əgər imtahanlardan qeyri-müvəffəq qiymət alsam, məni ehtiyata buraxacaqdılar. Tarixdən, coğrafiyadan “əla” aldım. Taktikadan heç əməlli-başlı soruşmadılar. Qeyd etdilər ki, ali təhsilli gənc əvvəlki imtahanlardan müvəffəq qiymət alıb, taktikanı akademiyada dörd il oxuyan zaman öyrənəcək. Beləliklə, yarı xoş-yarı zor ilk azərbaycanlı sərhədçi zabit kimi akademiyanın müdavimi oldum...”
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov çıxış edərək qeyd etdi ki, Mustafa Nəsirov 1964-cü ildə polkovnik hərbi rütbəsi alıb. Generallığa doğru gedən yol on ilə qədər çəkib. O, Zaqafqaziya Sərhəd Dairəsi komandanının müavini təyin olunub. Bu məsul vəzifəni peşəkarlıqla yerinə yetirib. Onun vəzifə pillələrində yüksəlməsində ümummilli lider Heydər Əliyevin xidmətləri olub. O, xatirələrində bundan hər zaman qürur duyduğunu bildirib.
Çıxışlardan sonra “General Nəsirov” sənədli filmi nümayiş olundu.

Savalan Fərəcov